Tüstünün zəhərlədiyi zərif vücudlar - Müsahibə

Tüstünün zəhərlədiyi zərif vücudlar - Müsahibə

Siqaret və qəlyandan istifadə qadının sağlamlığı ilə bərabər, gözəlliyinə də ciddi zərbə vurur

Son illər siqaret və qəlyan çəkən qadınların sayı getdikcə artmaqdadır. Əvvəllər cəmiyyətdə normal qarşılanmadığı üçün qadınlar bunu gizli istifadə edirdilər. Amma getdikcə nəinki gizlətmir, hətta bununla fəxr edənlər də var. Bəzən qadınlar bu cür vərdişlərinə “sərbəst yaşayıram”, “ürəyim nə istəyirsə, onu da edirəm” – deyə cavab verirlər. Siqaretə aludəçiliyi tənhalığı ilə əlaqələndirənlər də olur. Qəlyan çəkən xanımlar isə bunun daha təhlükəsiz olduğunu əsas gətirərək, istifadə etdiklərini deyirlər. Lakin bunun orqanizmə zərərləri sonradan hiss olunmağa başlayır. Hətta bir saat qəlyan çəkilməsinin 100 ədəd siqaret istifadəsinə bərabər olduğu deyilir. 
Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, xanımın siqaret çəkməsi əslində özünü kişi ilə şüuraltı bərabər tutmasıdır. Amma gender bərabərliyi pis vərdişlərdən istifadə edilməklə formalaşdırılmır: “Xanımların siqaret çəkməsi bir etiraz formasıdır. Tənha və həyatlarında problem olan qadınlar öz psixoloji durumlarını qaydaya salmaq üçün siqaretdən istifadə etməyə çalışırlar. Bu gün Azərbaycanda siqaret çəkən xanımlar çoxdur. Əvvəllər bunu gizlində edirdilərsə, indi artıq heç kimdən çəkinmirlər. Siqaret və qəlyanın zərərləri hamilə xanımlarda özünü daha çox göstərir. Eyni zamanda, psixoloji gərginlik, rahatsızlıq da yaradır. Xanımlar qoxuya qarşı hər zaman həssas olurlar. Xüsusilə tütün, siqaret qoxusunu çox pis qarşılayırlar. Qadınlar daha çox yüngül, qoxusu olmayan siqaretlərdən istifadə edirlər. Asılılıq olduqda isə bu narahatçılıq, gərginlik daha çox olur. Həyatlarındakı konfliktlər, psixoloji gərginliklər bəzən xanımları yanlış olaraq siqaret çəkməyə vadar edir. Digər tərəfdən, xanımın çevrəsi onun siqaret çəkməsinə böyük təsir göstərir. Xanımlar diqqətli olmalı və yeniyetməlik dövründə bu cür zərərli vərdişlərdən uzaq durmağa çalışmalıdırlar. Valideynlər övladlarında bu cür zərərli vərdişlərə maraq hiss edirlərsə, yaxşı olar ki, zamanında tədbir görərək, onları bundan uzaqlaşdırsınlar”. 
Psixoloq deyir ki, qadınlar hazırda siqaret və qəlyanı müstəqillikləri kimi qiymətləndirsələr də, müəyyən müddətdən sonra bundan imtina etmənin yollarını axtaracaqlar: “Qadınların siqaret çəkməsi Azərbaycanda artıq adiləşib və bu proses gedir. Lakin bir müddət keçdikdən sonra xanımlar kütləvi şəkildə siqaretdən imtina etməyə başlayacaqlar. Bu gün Amerika, Avropa ölkələrində nəinki qadınlar, eləcə də kişilər siqareti tərgitməyə çalışırlar. Bu təbiidir və Azərbaycanda da belə bir proses baş verəcək. Əvvəlcə bu vərdiş xanımlar üçün komfort, azadlığın göstəricisi, bir çox kübar ailələrin əyləncəsi kimi dəyərləndirilir. Bir müddətdən sonra özləri bu işdən geri çəkilmək məcburiyyətində qalırlar. Zərərli vərdişlər kişi və qadın orqanizminə fərqli təsir göstərir. Kişi orqanizmi bunlara daha çox dayanıqlıdır, nəinki qadınlar. Kişinin 20 il içdiyi alkoqolu qadın qəbul etsə, bəlkə bir il də yaşamaz. Kişi 20 il qəbul etsə də, fiziki baxımdan ona o qədər də təsir etmir. Eləcə də siqaret. Yaxşı olar ki, xanımlar bu məqama diqqət etsinlər. Xanımlar bu gün ictimai yerlərdə rahatlıqla siqaret də çəkirlər, qəlyandan da istifadə edirlər. Elə təsəvvür yaratmağa çalışırlar ki, sanki bu elə belə də olmalıdır. İkinci mərhələdə isə artıq bundan imtina üçün çalışacaqlar. Bu gün Avropa, Amerika xanımı artıq karyera qurmaqdan bezib, “qadın olmaq isəyirəm” – deyir. 
Ginekoloq Naibə Həsənova deyir ki, tütün məhsullarından istifadə vərdişi olan xanımların ana olmasında müəyyən problemlər yaranır. Eyni zamanda, bu, uşağın sağlamlığı üçün böyük təhlükə deməkdir: “Xanımın qanında nikotinin olması birbaşa cift qan dövranına təsir edir. Erkən müddətdə dölün inkişafında ləngimə olur. Belə uşaqlar azçəkili doğulurlar, inkişaf ləngiməsi olur. Uşağın daxili orqanlarında da hər hansı qüsur törədə bilər. Birbaşa cift qan dövranı pozulduğu üçün doğuşda fəsadlarla üzləşirlər. Doğumda gecikmələr də ola bilir, əksinə, vaxtından əvvəl doğuş da. Doğumdan sonra ciftin ayrılmasında problemlər yaranır. Belə qadınların südü az olur”.
N.Həsənova deyir ki, nəinki xanımın özünün, hətta həyat yoldaşının siqaret çəkməsi də uşağın sağlamlığına təhlükə yaradır: “Ailədə kimsə siqaret çəkirsə, artıq digərləri də passiv istifadəçilərdir. Əgər xanım passiv siqaret istifadəçisidirsə, bu da onun hamiləliyinə böyük təhlükə yaradır. Hətta özünün siqaret çəkməsindən də çox zərər görür”.
Qadınların siqaretdən də çox qəlyana meyil etdiyini deyən ginekoloq onu da bildirdi ki, ana olmağa hazırlaşan xanımlar bu vərdişlərdən tamamilə uzaq durmalıdırlar: “Qəlyanın tərkibindəki qətran adi siqaretdən 20 dəfə yüksəkdir. Qəlyanın meyvəli və zərərsiz olduğunu deyirlər, amma bu fikir yanlışdır. Qadınlar arasında qəlyana daha çox önəm verilir. Onlar isə daha çox gənc qadınlardır ki, buna siqaret çəkmək kimi yox, əyləncə deyə yanaşırlar. Xanımlar hamiləliyin ilk 2-3 ayında artıq siqareti özləri tərgidirlər. Çünki bunun zərərli olduğunu bilirlər. Amma normal halda orqanizm artıq bu siqareti tələb etmir. Hamiləliyin ilk ayında qusma, öyümə siqaret çəkən xanımlarda daha da yüksək olur. Ana olmaq istəyən xanım siqaret və qəlyandan uzaq durmalıdır. Həm özü, həm də yoldaşı bundan istifadə etməməlidir”. 
Terapevt Məlahət Abbasova isə bildirdi ki, qadınlar kişilərə nisbətən zərif orqanizmə sahib olduqlarını unutmamalıdırlar. Ona görə bu vərdişlərdən istifadə nəinki xanımlara, eləcə də uşaqlarına böyük zərbə vurmuş olur: “Siqaretin tərkibi nikotindir və bu, nəinki qadınlara, eləcə də kişilərə böyük ziyan vurur. Siqaret və qəlyan qadın orqanizminə daha ziyanlıdır. Çünki o, kişi orqanizmindən fərqli olaraq incədir. Bu incəliyi nikotinlə zəhərləmək və bunu övlada ötürmək dəhşətdir. Qadın gələcəyin anasıdır. Bu, ikiqat öldürücü təsir edir. Qanında nikotinin miqdarı çox olan qadın hamilə qalarsa, o nikotin uşağın orqanizminə öldürücü təsir göstərir. Körpə ananın qanı vasitəsilə həmin nikotinlə qidalanır. Bu isə körpənin orqanizmində bir sıra fəsadlar yaradır”. 
Həkim onu da bildirdi ki, siqaret çəkmək qadınların sağlamlığı ilə yanaşı, gözəlliyinə də xələl gətirir: “Bir çox siqaret istifadə edən xanımlar qəbulumda olublar və onların sağlamlığında bir sıra problemlər yaranıb. Ağ ciyərləri, bronxları ziyan çəkir. Bununla yanaşı, xarici görünüşlərinə təsir edir, dodaqlarının rəngi dəyişir. Həm sağlamlıq, həm də gözəlliklərinin qeydinə qalmaq üçün xanımlar zərərli vərdişlərdən uzaq durmalıdırlar”.

Aygün Asimqızı 

http://kaspi.az/news.php?id=21072


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.