Seriallarda gördükləri bəzəkli həyat axtarışına çıxanlar, çörəyi meqabayta dəyişənlər - Müsahibə
Son günlərdə qadınların evlərini tərk etməsi, başqa kişilərə qoşularaq qaçması, özlərinə, uşaqlarına zərər verməsi halları artıb. Təəssüf ki, onlardan bəziləri hətta intihar yolunu da seçir… Bəs bütün olanlara səbəb nədir? Qadınlar niyə çıxış yolunu qaçmaqda və ya özlərinə zərər verməkdə tapırlar?
Sevgisiz ailə qurmaq, dözümsüzlük, səbirsizlik…
Məsələni “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva ilə müzakirə etdik.
Z. Mustafayeva Xeberle.com-a açıqlamasında bildirdi ki, qadınların evdən qaçmasının əsas səbəbləri sevgisiz ailə qurmaq, hörmət və sədaqətin olmaması, əxlaqi dəyərlərin itməsi, dözümsüzlük, səbirsizlikdir.
“Deməzdim ki, evdən qaçan gəlin və qızların sayı çoxalır. Bunu iqtisadi və sosial problemlərdən öncə mənəvi dəyərlərin bəzi ailələrdə yoxluğu və məsuliyyətsizliyində görmək lazımdır. Bir ay ərzində təşkilata 20-25 xanım boşanma üçün müraciət edibsə, onlardan yalnız 3-ü evdə ərinin zorakılığına dözməyib. Bir xanım, əri və qayınanası tərəfindən evdən qovulduğunu deyib. Bir xanım, 3 uşaq anası çölə atıldığını, uşaqları ilə birgə qalacaq yerinin olmadığını bildirib. Səbəbi isə onun sosial şəbəkədə tanış olduğu şəxslə yazışması və sonradan onunla görüşməsi olub. Gənc qadın bunu elə rahatlıqla danışır ki, sanki, burda heç bir qəbahət yoxdur. Ailə dəyərlərinin itməsi budur. Xəyanət adiləşib, istər qadınlar, istər kişilər tərəfindən. Gənc xanımlar baxdıqları seriallardan xanımların şəraitini, həyatını cəlbedici görür. Kənardan gələn təklifə tez aldanaraq, bəzən övladlarını belə ataraq, bəzəkli həyat axtarışına çıxırlar. Çox təəccüblüdür ki, belə xanımlar yalan danışar, günahkar axtarar, özünü təmizə çıxarmaq üçün müxtəlif səbəblər taparlar”.
Zemfira xanımın fikirlərinə görə, bu halların yaşanması ən çox uşaqlara pis təsir edir. “Uşaqlar normal ailədə, normal mühitdə tərbiyə almalı və böyüməlidirlər. Övlad dünyaya gətir və onu taleyin ixtiyarına burax. Bu damğa onların taleyini də məhv edəcək”.
İndi insanlar çörək almır, meqabayt alır
Psixoloq Elnur Rüstəmov portalımıza açıqlama verərkən qeyd etdi ki, ailədaxili konfliktlər, tərəflər arasında münasibətlərin pis olması zaman keçdikcə psixoloji problemlərə gətirib çıxarır.
“Bu gün mütləq şəkildə tərəflər münasibətlərində diqqətli və həssas olmalıdırlar. Çünki, elə bir dönəmdə yaşayırıq ki, ailə quran gənclərimizin sayı azalır, boşanmalar və yenidən ailə həyatı quranların sayı isə artır. İnsanlar rahat həyat istəyirlər, nə qədər çətinlik olsa belə, hərənin əlində smartfon telefon var. İnsanlar çörək almır, meqabayt alır”.
Psixoloqun fikrincə, şəhər, rayon və kəndlərdə maarifləndirmə işləri hər zaman aparılmalıdır.
“Bu gün bilirsiniz ki, Milli Məclisin Səhiyyə Komitəsinin iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi ilkin müzakirədən keçib. Yəqin ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Qanunun bir bəndi ondan ibarətdir ki, yerli icra hakimiyyətlərində, bələdiyyələrin nəzdində psixoloji dəstək mərkəzləri yaradılsın. Yaradılmaqla da olmur, kadr bazası hazırlanılmalı, yerləşdirilməlidir. Ən əsası maarifləndirmə işləri aparılmalıdır ki, ailədaxili konflikt yarananda bilsinlər ki, hara müraciət etmək lazımdır. Bununla bağlı ali məktəblərdə sosial işçilər hazırlanır. Onların birbaşa vəzifəsi ondan ibarətdir ki, məsul olduğu ərazilər üzrə, psixiatr problemi olan, zərərli vərdişlərdən əziyyət çəkən insanların, problemli ailələrin qeydiyyatı aparılsın”.
Bu, ləyaqət məsələsidir
Hüquqşünas Ramil Süleymanov açıqlama verərkən qeyd etdi ki, qanunvericilik bununla bağlı konkret bir şey demir. Bu, ləyaqət məsələsidir.
“Sadəcə kişi məhkəməyə verib, aliment tələb edib, yığdırıb, borclandıra bilər. Əgər aliment ödənməzsə, məhkəmə qətnaməsinin icra olunmadığına görə, həmin qadını axtarışa verə bilər”.
Dinimizə görə qadın icazəsiz evdən çıxmamalıdır
İlahiyatçı Əkrəm Həsənov bildirdi ki, ümumiyyətlə İslamda evlilik məsələsinə ciddi yanaşılır. Əgər cütlüklər ailə qururlarsa, onlar bir-birinə hörmətlə yanaşmalıdır.
“Dinimizə görə qadın icazəsiz evdən çıxmamalıdır. Əsas kişinin üzərinə düşən ailəni dolandırmaqdır. Qadın isə evini qorumalı, uşaqlarını dünyaya gətirib tərbiyəsi ilə məşğul olmalı, ərinə bütün işlərində kömək etməlidir. Ər-arvad haqlarını pozmaq Quranda və hədislərdə böyük günah kimi göstərilib. Dinimizə görə ər və arvad cəmiyyətin aparıcı qüvvəsi hesab edilir. Onlar uşaqları ilə birlikdə bütün insanların sahib olduqları haqlara sahib olurlar. Ancaq qadın evdə ərindən icazəsiz harasa çıxmamalı, kiminləsə danışmamalıdır. Belə halda böyük fəsadlar meydana gəlir. Müasir dövrümüzdə dinimizin qaydalarına riayət edənlər barmaqla sayılacaq qədər azdır. Həm kişilər öz həyat yoldaşlarına, həm də çox hallarda qadınlar öz ərlərinə xəyanət edirlər. Bunlar günahların və haramların işləndiyi cəmiyyətlərdə, Bütün bunların kökündə bilgisizlik, ailədə sıxıntı, qayınana və qayınataların gəlinlə yad qız kimi davranmasından, çox hallarda isə elə gəlinlərin öz günahlarında olur. Buna əsas səbəb isə bəzi ərlərin öz həyat yoldaşlarına səhlənkar yanaşması, onlara diqqət göstərməməsindən olur”.
Hicranə İsmayılova
http://xeberle.com/cemiyyet/31863-bezekli-heyat-axtarishina-chixanlarchoreyi-meqabayta-deyishenler-yoxsa-arashdrma.html