Psixoloq: “Goranboy qatilinin yaxınları onu həkimə göstərməli idi” - Müsahibə
Bu gün Goranboy rayonunun Səfikürd kəndində baş verən dəhşətli cinayət bütün ölkəni şoka salıb.
Xəbər verdiyimiz kimi, həmin kəndin sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşını və onun 6 ailə üzvünü güllələyərək və evə qumbara ataraq qətlə yetirib.
Bu qandonduran cinayət hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Əksəriyyəti bu suallar düşündürür. İnsanlardakı bu aqressiya, bu vəhşilik haradandır? Bu tipli ağlasığmaz cinayətlərin səbəbi, motivi, sosial şərtləri nədir? Psixoloq və sosioloqlar buna necə izah verir?
Virtualaz.org saytı bu suallarla Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova müraciət edib.
Elnur Rüstəmov konkret olaraq Goranboydakı dəhşətli cinayətdən danışarkən bunun kökündə ən çox fərdi problemin dayandığını dedi: “Əslində bu cür hadisələrin baş verməsində problemin kökü daha çox hadisəni törətmiş insandan qaynaqlanır. Bu cinayət onu törədən şəxsin psixoloji durumunun yerində olmaması üzündən baş verib. Goranboyda ailə-məişət münaqişəsi zəminində cinayət törədən şəxs düşdüyü konfliktli situasiyada vəziyyəti düzgün dəyərləndirə bilməyib. Yaşadığımız bu qlobal dünyada insanların çoxu belə konfliktli situasiyalara vaxtaşırı düşürlər. Amma heç də hamı qadına, qocaya və ya azyaşlı uşağa qarşı bu qədər qəddar addım atmır. Əgər bir insan bütün bunları gözə alıb hadisə törədirsə və düşdüyü vəziyyətdə özünü idarə edə bilmirsə, bu, konkret olaraq həmin insanda psixoloji və psixiatrik problemin olmasını göstərir.
-Maraqlıdır, son zamanlar ailə-məişət münaqişəsi zəminində baş verən dəhşətli və qanlı hadisələrə niyə tez-tez rast gəlirik?
-Səbəb insanların öz psixoloji problemlərinə vaxtında müdaxilə etməməsi ilə bağlıdır. Təəssüf, gözləyirik ki, hadisə baş versin, sonra da yaranmış problemi həll edək. Bu, bir daha onu göstərir ki, bizim insanlar öz fiziki problemlərini psixoloji problemlərindən hələ də üstün tuturlar. Məsələn, valideyn mütləq gözləyir ki, uşaq evdən qaçsın, sonra tədbir görülsün. Goranboy hadisəsində də belə olub. Bu cinayətə aparan proseslərə vaxtında müdaxilə edilsəydi, belə bir hadisə də baş verməzdi. Məncə, cəmiyyətin psixoloji baxımdan maarifləndirilməsi istiqamətində kütləvi tədbirlər görmək lazımdır. Hər bir fərd öz psixoloji durumunun qayğısına qalmalıdır.
-Bəs konkret olaraq baş verən cinayətin qarşısını necə almaq olardı?
-Həmin insanla zamanında məşğul olmaq lazım idi. Cinayəti törədən şəxsin aqressiv və narahat olduğunu nəzərə alaraq onunla xüsusi davranış modeli seçilməli idi. O situasiya baş verməzdən əvvəl həmin insanı psixoloqun yanına aparmaq, psixoloji reabilitasiya prosesinə cəlb etmək, həkimə göstərmək olardı. Qohumları, yaxınları vəziyyətin pis istiqamətdə inkişaf etdiyini nəzərə alıb şəxs barədə inzibati tədbirlər görülməsinə nail ola bilərdilər. Yəqin qohumlar belə bir nəticənin olduğunu ağıllarına gətirməyiblər deyə vəziyyət daha da ağırlaşıb.
-Bu hadisə əyalətdə – Goranboy rayonunda baş verib. Rayon əhalisi psixoloqa necə, harada müraciət edə bilər ki? Axı Bakıdakı psixoloji yardım mərkəzləri rayonlarımızda demək olar ki, yox dərəcəsindədir…
-Mən sizinlə tam razıyam. Rayon yerlərində insanların ailə-məişət zəminindəki münasibətləri, durumu daha bərbad gündədir. Rayon əhalisi düşünür ki, psixiatrik problemi olan gəncləri evləndirəndən sonra onların işləri düzələcək. Rayon yerlərində bu cür problemləri adətən gizlədirlər. Bunun da nəticəsi ağır cinayətlər olur. Çox təəssüf ki, bir çox rayonlarımızda bunu bir normal hal kimi qəbul edirlər. Əslində maarifləndirmə işini rayonlarda daha çox aparmaq lazımdır.
-Ümumiyyətlə, son zamanlar ailə-məişət zəminində törədilən amerikansayağı cinayətlər tez-tez baş verir. Səbəb nədədir?
-Mən bunu texnologiya sahəsindəki inqilabla izah edərdim. Biz internet əsrində yaşayırıq. İnternetdən istifadə bizim ailə təsisatına mənfi planda çox böyük təsir göstərib. Əsasən də yeni yetişən nəslin psixologiyasına ağır zərbə vurub. Bizdə valideynlərin çoxunun internetə çıxışı yoxdur, uşaqlarının isə var. İnterneti uşağın tərbiyəsində tərbiyə vasitəsi kimi görmək olmaz. Çox zaman valideynin xəbəri olmur ki, uşaq internetdən hansı istiqamətdə, hansı məqsədlə istifadə edir. Bunun nəticəsi isə çox acı olur.
İnsanlar indi rahatlıq axtarır. Onların rahatlığını pozacaq hər hansı bir şey olacaqsa, buna dərhal sərt reaksiya verirlər. Bu da nəticədə insanlarda aqressiyanın yaranmasına və psixoloji problemlərin artmasına gətirib çıxarır. ABŞ-da insanların psixi sağlamlığını təmin etmək məqsədilə milli strategiya işlənib hazırlanıb və o proqram həyata keçirilir. Orada dövlət bu sahəyə çoxlu pul ayırır. Amma görülən tədbirlərə, xərclənən pullara baxmayaraq hətta Amerikanın özündə belə bu cür ağır toplu cinayətlər baş verir. Mən təbii ki, Azərbaycanı Amerika ilə müqayisə etmək istəməzdim. Bizdə hələ də psixi sağlamlıq və təhlükəsizlik haqqında qanun qəbul olunmayıb. Amma bu, o demək deyil ki, bizim vəziyyətimiz daha pis gündədir. Xeyr, belə deyil. Əgər Orta Asiya ilə müqayisə etsək, biz çox irəlidəyik. Orada heç psixoloji mərkəzlər də yoxdur. Azərbaycanda bu istiqamətdə işlər gedir, amma konkret tədbirlərin görülməsi labüddür. Bizdə insanlar psixi sağlamlığı hələ də nəzərə almır, buna məhəl qoymurlar. Əgər kiminsə fiziki problemi varsa, dərhal həkimə müraciət edir. Amma psixi vəziyyəti pisləşəndə psixoloqa müraciət etmir. Əslində ən vacib olan insanın psixoloji sağlamlığıdır. Onu da deyim ki, bu gün Azərbaycanda psixoloq xidmətlər siz deyən elə də baha deyil. Əgər kiminsə maddi durumu ağırdırsa, Səhiyyə Nazırliyinin nəzdindəki Psixi Sağlamlıq Mərkəzinə üz tuta bilər. Bundan əlavə psixiatriya xəstəxanaları var. Onlara müraciət edib psixoloji dəstək almaq mümkündür. Sadəcə bizdə insanlarda yetərincə təşəbbüs yoxdur. Bu gün “iPhone” hər şeydən önəmlidir. Bəziləri gedib bankdan pul götürür, ən axırıncı model iPhone alırlar, amma psixoloji problemləri yarananda pul xərcləmək istəmirlər. Bu da anormal bir haldır. Ümumiyyətlə, dövlət KİV-də, tədris ocaqlarında insanların psixoloji durumları ilə bağlı tədbirlər görməlidir”.
Telman Mustafa
Virtualaz.org