Məişət zorakılığı və onunla necə mübarizə aparmalı?

Məişət zorakılığı və onunla necə mübarizə aparmalı?

Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o, özünü müəyyən formalarda biruzə verir. Məişət zorakılığının qarşısını necə almaq olar, ondan əziyyət çəkənlərə psixoloji yardım hansı səviyyədədir, ümumiyyətlə, qanun bu barədə nə deyir? Məsələ ilə bağlı ekspertlərin fikirlərini təqdim edirik.

Vəkil Roman Qaraşov: “Ailə münasibətləri mülki xarakterli münasibətlər olduğundan tərəflərə iradə sərbəstliyi verir. Yəni tərəflər sərbəst şəkildə öz iradələrini müəyyən edərək nikaha daxil olurlar. Bəzən tərəflər bunu rəsmiləşdirmirlər. Faktiki olaraq nikah şəhadətnaməsi əldə olunmursa, bu ailə münasibətləri sayılmır. Kəbin ailənin qurulması demək deyil. Bu sadəcə birlikdə yaşayan iki insanın münasibəti kimi xarakterizə olunur.

Belə şəxslərin arasında hər hansı bir mübahisə  baş verərsə, hüquqi müstəvidə həll etmək çətinləşir. Ona görə də nikah hər bir halda vacibdir və mütləqdir. Məhz nikaha daxil olduqdan sonra tərəflərin ailə münasibətləri çərçivəsində hüquqları, vəzifələri yaranır. Buraya uşaqların hüquqlarının qanunla qorunması, qadının əmlakdan istifadə, mənzil şəraiti ilə bağlı hüquqları və digər məsələlər daxildir. Nikah könüllü əsaslarla olmalıdır. Hər hansı müdaxilə və ya zorakılıq altında şəxs nikaha daxil olmağa vadar edilibsə, bu artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 176-cı maddəsinə əsasən qadını zorla nikaha daxil etmə cinayət məsuliyyəti yaradır.

Bu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə ağır nəticələrə səbəb olma kimi daha ağırlaşdırıcı cəza tədbirlərinin tətbiq olunması əsasını formalaşdırır. Məişət zorakılığı ilə bağlı hallar Azərbaycanda sanki adət-ənənəyə çevrilib. Adətən bu fiziki zorakılıq formasında deyil, ataların qardaşların və digər şəxslərin qadın üzərində basqısı formasında təzahür edir. Psixoloji olaraq qadınlara qarşı şiddət özünü göstərir. Hətta bəzi hallarda qız uşaqlarını təhsildən də yayındırırlar. Belə olan halda qız uşaqları azad sözə sahib ola bilmir və dünyagörüşündə müəyyən məhdudiyyətlər özünü göstərir. Bu hal daha çox regionlarda özünü biruzə verir. Zərif cinsin nümayəndələri çox zaman öz hüquqlarını müdafiə etməyə maraqlı olmurlar. Hər hansı qadının polisə belə şikayət etməsi cəmiyyətdə xoş qarşılanmır.

Məişət zorakılığından əziyyət çəkən şəxslərin mühafizəsi ilə bağlı orderlər verilir. Əslində zorkalığın qurbanı olan şəxslər mütamadi olaraq nəzarətdə olmalıdırlar. Lakin bunu sadəcə döyülmə faktı kimi qeyd edərək hər hansı bir inzibati məsuliyyətə cəlb olunma ilə məhdudlaşdırırlar. Təbii ki, İnzibati Xətalar Məcəlləsində məişət zorakılığı ilə bağlı məsuliyyət nəzərdə tutulmuşdur və həmin maddəni tətbiq edərək işi yekunlaşdırmış hesab edirlər. Zorakılıqdan əziyyət çəkənlərə mütamadi nəzarət məsələsi isə qənaətbəxş deyildir. İstər azyaşlı qız uşaqları ilə bağlı, istərsə də qadınlarla bağlı nəzarət mexanimzi ürəkaçan deyildir.

Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən birbaşa nəzarət yoxdur, yalnız şikayət olunduğu təqdirdə fakt üzrə araşdırma aparılır. Ümumilikdə isə hansısa bir monitorinq mövcud deyil. Məişət zorakılığından əziyyət çəkənlərlə bağlı Cinayət Məcəlləsində kifayət qədər müddəalar mövcuddur. Xəsarətin növündən asılı olaraq yüngül, ağır xəsarətin yetirilməsi və qəsdən sağlamlığa zərər vurma, intihara sövq etmə ilə bağlı məsələlər öz əksini tapıb.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərbə vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsində və digər maddələrdə göstərilən hallar məişət zorakılığında da rast gəlinən məqamlardandır. Bu müddəaların özünün təkmilləşdirilməsinə heç bir ehtiyac yoxdur, onların praktiki tətbiqi daha çox olmalıdır. Hesab edirəm ki, nikaha daxil olan şəxslər bütün hüquqi tərəfləri bilməlidirlər ki, gələcəkdə zorakılıq hallarının sayı çox olmasın. İş  fəaliyyətimdə məişət zorakılığı ilə bağlı çoxsaylı müraciətlərlə qarşılaşmışam. Daha çox döyülmə, psixi zorakılıq kimi hallara rast gəlinir. İntihara cəhdlər son dövrlərdə özünü göstərir ki, bunlar da məişət zorakılığının nəticəsində yaranan hallardır”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov: “Ailədaxili şiddət bugünün problemi deyil, tarixi qədimlərə gedib çıxır. Bu gün bəşəriyyətdə onun aradan qaldırılması istiqamətində hüquqi istiqamətdə işlər aparılır. Ancaq yenə də biz bu problemin hətta inkşaf etmiş ölkələrdə belə həll edildiyini söyləyə bilmərik, qismən tənzimləndiyini deyə bilərik. Ailədaxili şiddətin bir istiqaməti də məhz qeyd etdiyiniz psixoloji şiddətdir.

Digər şiddət növlərinin də kökündə məhz psixoloji şiddət dayanır. Bu gün dünya, elm, texnologiya inkişaf edir, bununla paralel insanın həyat keyfiyyəti dəyişir, münasibətlərdə yeni yanaşmalar ortaya çıxır. Gender bərabərliyi bu prosesdə sadəcə bir istiqamətdir. Bundan irəli gələn məsələlər hələ də tam həll olunmayıb. Problem hüquqi tərəfdən qismən həllini tapsa da, şüur baxımından tam həllini tapmayıb. Şübhəsiz ki, bunu birdən-birə etmək qeyri-mümkündür. Problem XX əsrdən başlayaraq ortaya çıxdı. Məişət zorakılığının baş vermə səbəbi daha çox cütlüklər arasında həll edilməyən problemlərin zaman keçdikcə zorakılıq müstəvisinə keçməsidir.

Proses birdən-birə baş vermir, zamanla olur. Sadəcə tərəflər çox zaman problemi həll etmək yerinə onu zamanın axarına buraxır, bununla problemin həll ediləcəyini düşünürlər. Çox zaman da məişət problemi ya boşanma, ya da şiddətlə nəticələnir. Bu demək olar ki, bütün dünyada eyni istiqamətdə baş verir. Sadəcə inkişaf etmiş ölkələrdə qanunların işlək halda olması, qarşı tərəfi zorakılıqdan qaçmağa sövq edir. Eyni zamanda maarifləndirmə o dərəcə geniş aparılır ki, tərəflər konkret olaraq həm hüquqlarını, həm də vəzifələrini bilirlər. Bizdə isə təəsüflər olsun ki, daha çox hüquqlarını bilən və tələb edənlər var. Vəzifələr isə arxa plandadır. Problem varsa, o sivil formada həll edilməlidir, zorakılıqla deyil. Bizdə şiddətə məruz qalan qadınların müdafiəsi hansı səviyyədədir? Onlara psixoloji yardım olunurmu?

Azərbaycanda məişət zorakılığına məruz qalan xanımlara hüquqi, psixoloji müstəvidə yardım göstərmək üçün qanunvericilik səviyyəsində kifayət qədər addımlar atılıb. Sırf psixoloji məqamdan söhbət gedirsə bununla bağlı “Psixoloji Yardım” haqqında qanunda konkret maddələr var. Misal üçün, Qanunun 6.2.6. və 6.2.12-ci maddələrində (6.2.6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin; 6.2.12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin ödənişsiz psixoloji yardım alması) bununla bağlı konkret olaraq zərərçəkmişlərə psixoloji yardımın dövlət tərəfindən ödənişsiz həyata keçirilməsi qeyd olunub. Müraciət olunduğu təqdirdə bu insanlara psixoloji yardım göstərilir. Bu istiqamətdə işlər aparılır. Bu məsələdə bir məqamı nəzərə almalıyıq ki, psixoloji yardımın göstərilməsi özlüyündə nəticə ilə çalışmaqdır. Yaxşı olardı, ona qədər olan mərhələdə psixoloji maarifləndirmə və psixoloji proflaktika istiqamətlərində işlər geniş aparılsın.

Qeyd etdiyimiz 2 istiqamətə nə qədər çox zaman ayırsaq, psixoloji yardıma bir o qədər də az ehtiyac qalar. Ona görə də biz psixoloji maarifləndirmə və psixoloji proflaktikaya daha çox yer ayırmalıyıq. Əgər bunu doğru formada həyata keçirə bilsək, həm sağlam ailə təməlinin formalaşmasına, həm də ailədaxili şiddətin azalmasına rəvac vermiş olarıq. Bir məqamı xüsusi olaraq qeyd edim, stress özlüyündə psixoloji faktordur və bir çox xəstəliklərin yaranmasında mühüm rol oynayır. Stress faktoru ÜST hesabatlarında ilk üçlükdə qərar tutur və qeyd olunur ki, stress nəticəsindəyaranan digər xəstəliklər çoxdur. Ailədaxili, yaxud da digər bir şiddətə məruz qalan qadın daim stress altında olduğundan onların xəstəliklərə tutulma ehtimalı da çox olur. Günümüzdə biz özümüzü nə qədər stressdən qoruya biləriksə, bir o qədər ki, psixoloji sağlamlığımızı təmin etmiş olarıq. Bütün ailələrə xoşbəxtlik arzu edirəm. Azrəbaycan qadını xoşbəxt olmağa layiqdir”.

Rövşən Tahir

http://ucnoqta.az/news/100002

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.