Durduğu yerdə ağlayan insanlar... - Müsahibə
Rəşad Məmmədov: "İnsana "imanı zəif" damğası vurmaq olmaz
Elnur Rüstəmov: "Cəmiyyətdə bu problemdən əziyyət çəkən insanların sayı çoxdur"
“Şərq” qəzeti “Bir sual, bir cavab” rubrikasına start verir. Rubrikada hər hansı vətəndaşımızı narahat edən konkret məsələni və onunla bağlı bizə ünvanladığı sualı müvafiq təşkilatlara, ekspertlərə yönləndirərək onların cavablarını oxuculara təqdim edəcəyik. İlk rubrikamızın sualı Saylan rayon sakini, 57 yaşlı Sayalı Qəmbərova tərəfindən gəlib.
Sayalı xanım illərdir onu narahat edən bir xüsusiyyətə malik olduğunu, şahidi olduğu istənilən hadisədən, düşündüyü hər hansı məsələdən dolayı göz yaşlarını saxlaya bilmədiyini söyləyib. İbadət əhli olduğunu deyən S.Qəmbərova namaz qılarkən də ağladığını deyib. Hətta müraciət etdiyi bir mollanın bunun iman zəifliyindən irəli gəldiyini iddia etdiyini vurğulayıb. Məsləhət aldığı qohum-əqrəbası, yaxın ətrafı isə üzləşdiyi problemin psixoloji durum olduğunu bildiriblər. İndi Sayalı xanım sual edir ki, bu vəziyyətin imanla əlaqəsi nə qədərdir? Əgər psixoloji problemdirsə, o zaman müalicəsi varmı?
Mütəxəssislər vətəndaşı narahat edən xüsusiyyəti bu cür şərh ediblər..
İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov:
“Kövrəlmək , qəzəb, mərhəmət, məhəbbət, ümumiyyətlə bu kimi hisslərin, duyğuların imanla yaxından-uzaqdan əlaqəsi yoxdur. Əgər bir insan hər hadisəyə ağlayırsa, bu, onun daha artıq kövrək insan olduğuna dəlalət edir. Həm də psixoloji problemdən qaynaqlanır. Bu sayaq xüsusiyyətlərə görə, insanlara “imanı zəif” damğası vurmaq olmaz. Məgər imanı zəif olan bir adam namaz qılarmı, Allaha ibadət edərmi? Absurd yanaşmadır. Din adamı adına iddia edənlər ağızlarından çıxan sözlərə diqqət etməlidir. İmanı ölçən hansı meyar var ki, kimin imanının az, yaxud çox olduğunu ortaya çıxarsınlar. Belə ifadələr həqiqi din adına uydurulmuş sözlərdir. İnsanların qəlbindən xəbərdar olan yalnız kainatın Sultanı - Allahdır. Təəssüflər olsun ki, islam dini günümüzə qədər müxtəlif düşüncə sahibləri və araşdırmaçıların izahları ilə insanlara çatdırılıb. Ötən əsrin əvvəllərinə kimi dinlərarası müharibə və mübahisələr gedirdisə, hazırda dindən ayrılmış məzhəblərin savaşı gedir. Əksər zamanlarda isə fürsətçi mollalar, “ilahiyyatçılar” insanların inanclarından sui-istifadə edir, onları yanlış yönləndirirlər. İnsanlar öz inanclarına görə qurbana çevrilirlər”.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov:
“Bu cür hallar psixologiyada təşviş-həyəcan pozuntusu kimi dəyərləndirilir. Təşviş-həyəcan pozuntusu insanın hər hansı bir hadisədə həddindən artıq həyəcanlanması və təşviş keçirməsi deməkdir. Məsələn, elə adam var ki, qapının döyülməsi, telefon zəngi, yanında uca səslə danışılması onu tez həyəcanlandırır. Bu zaman müxtəlif reaksiyalar ortaya çıxır. Həmin adam hönkür-hönkür ağlaya və kövrələ bilər, özünə qapanar. Əvvəllər bu cür hadisələr baş verəndə deyirdilər ki, filankəs qorxub. Hamımız nənələrimizdən buna bənzər sözlər eşitmişik. Deyiblər ki, “kimsə qorxduğu üçün qorxusunu götürmək lazımdır”. Bunu da o zaman müxtəlif üsullarla ediblər. Kibrit dənəsini yandırıb suya töküblər, “qorxmuş” diaqnozu qoyulmuş adamı çıldağa aparıblar və s. İndinin özündə də bu metodu tətbiq edənlər var. Əlbəttə, bu, onların öz işidir. Digər qisim insanlar bu cür problemlərlə bağlı həkimə, konkret olaraq nevropotoloqa, terapeftə müraciət edirlər. Kimə hansı həkim tövsiyə olunursa, ona üz tutur. Ancaq bəhs edilən məsələ sırf psixoloji problemdir. Bu gün cəmiyyətdə bundan əziyyət çəkən insanların sayı çoxdur. Düzdür, bu problemə görə heç kim həyatından olmur. Lakin problem insanın həyat keyfiyyətini aşağı salır, ətrafla münasibətinə mənfi təsir göstərir.
Problem dərinləşdikcə panik-ataka çevrilir. Kəskin ürək döyüntüsü, boğulma, tərləmə və s. əlamətlər özünü büruzə verir. Əgər problem həllini tapmazsa, sonrakı mərhələdə bu cür insanlar özlərində hansısa xəstəlik axtarmağa başlayırlar. Fikirləşirlər ki, harasısa ağrıyır, sadəcə həkimlər xəstəliyini tapa bilmirlər. Mütəmadi olaraq həkimlərə gedir və müayinə olunurlar. Kimisi ürəyini, kimisi də başını yoxlatdırır. Ancaq o cür adamlarda orqanik patalogiya olmur. Sadəcə israrla xəstəxanaya getdiyi üçün həkim dərman yazmağa məcbur olur. Əfsuslar olsun ki, dərman yazmayan həkimə pis baxırlar. Pasiyent elə zənn edir ki, həkim dərman yazıbsa, deməli, sağalacaq. Dərmanı qəbul edir, bir az düzəlir, sonra problemi yenidən baş qaldırır. Səbəbi isə odur ki, hər şeyə ağlamaq və həddindən artıq kövrəlmək psixoloji problemdir. Yaxşı olar ki, bu cür insanlar belə situasiyalarda psixoloq dəstəyi alsınlar”.
https://sherg.az/x%C9%99b%C9%99r/127052?fbclid=IwAR1o6WDViZlbwKWIMa7PiS2NfHOsAgWljVvgbxyuWYBWy55LPckohk5OJoY