Ailədaxili münaqişələrin artması problemə çevrilib - Müsahibə
Elnur Rüstəmov: “Azərbaycanda kütləvi şəkildə ailə ilə bağlı maarifləndirmə işləri aparılmalıdır”
Son zamanlar cəmiyyətimizdə ailədaxili şiddət və cinayət hallarının artması ilə bağlı xəbərlər eşidirik. Belə tükürpədici hallardan biri dünən kütləvi informasiya vasitələrinin və ümumilikdə bütün cəmiyyətin diqqət mərkəzində idi. Xatırladaq ki, söhbət Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verərək onun saçını qırxan, qulağını kəsən ərin törətdiyi əməldən gedir. Sözügedən hadisədən sonra insanları düşündürən və narahat edən bir neçə sual meydana çıxır.
Bu tip ailədaxili münaqişələrin yaranmasının əsas səbəbləri nələrdir və cəmiyyətimizdə belə konfliktlər nəyə görə artmaqdadır?… Bu məsələ ilə əlaqədar psixoloq Elnur Rüstəmova müraciət etdik və fikirlərini öyrəndik. Müsahibimiz bildirdi ki, ailədaxili şiddət və konfliktlər əsasən tərəflərdən birinin digərini anlamaması səbəbindən olur: “Məsələnin kökünə getməmişdən əvvəl bir məqamı qeyd etmək istəyirəm ki, artıq dünən, bu gün bütün sosial şəbəkələrdə və xəbər portallarında həmin hadisə çox özünəməxsus şəkildə qabardıldı. Məlumatın bu şəkildə cəmiyyətə ötürülməsi problemin adiləşməsinə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, insanların psixologiyası hamıda eyni deyil. Yəni, bu xəbərdən beş nəfər nəticə çıxararsa, üç nəfər düşünəcək ki, bu məqbul bir şeydir. Heç uzağa getməyək, cəmi 10 gün keçməyəcək ki, buna bənzər hadisə eşidəcəyik. Ona görə də, bunun dəlilini vermək lazımdır”.
Müsahibimiz əlavə etdi ki, ailədaxili şiddət o zaman baş verir ki, tərəflərdən biri digərini idarə etmək istəyir: “Məsələn, kişi fikirləşir ki, həyat yoldaşımı idarə edə bilmirəm. Nəticədə öncə duyğusal şiddət olur. Yəni sən adam deyilsən, sən düzələn deyilsən bu istiqamətdə. Bir müddət keçdikdən sonra, bu yol səmərə vermədikdə artıq psixoloji, seksual, fiziki şiddət etməyə başlayır. Yəni, bu mərhələ-mərhələ yaranır. Sırf dünənki hadisə ilə bağlı məqamı götürsək, burada birbaşa fiziki şiddət yoxdur. Fiziki şiddətə qədər bu ailədə sadaladığım şiddət növləri olub. Ən sonda fiziki şiddətə gətirib çıxarıb. Tərəflərin bir-birini anlamaması və birinin digərini idarə etməsi bu kimi hallara gətirib çıxarır”.
Müsahibimiz bu idarəetməyə təsir göstərən faktorları sadaladı: “Məsələn, tərəflər arasında konflikt, yəni ər və arvad arasında, tərəflər arasında konfliktə yol açan faktorlar- qaynana, baldız, qohumlar. Hansı ki, ailəyə müdaxilə etməyə başlayırlar dolayısı ilə kişiyə yaxud qadına, onların həyat tərzinə müdaxilə edirlər. Bu, ailə daxilində konfliktlərin yaranmasına gətirib çıxarır. Tərəflərdən birinin, konkret olaraq kişinin hər hansı zərərli vərdişlərdən asılı olması. Bura alkoqol və narkotiki daxil edə bilərik. Tutaq ki, həmin şəxs narkomandır və ya alkaqolikdir. Şüphəsiz ki, bütün bunlar ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır”. Müsahibimiz əlavə etdi ki, hər hansı bir psixiatrik problemləri olan insan, paranoid, şizofren və bu kimi psixoloji problemləri olan insanlar üçün ailəni yürütmək o qədər də asand iş deyil. Tutaq ki, paranoiddir fikirləşir ki, həyat yoldaşı ona xəyanət edir. Əslində xəyanət yoxdur. Bu, sadəcə həmin şəxsin düşüncələridir: “Nəticədə, bu ailənin bir yerə çıxması çox çətindir. Nə özünə, həyat yoldaşına, nə də uşaqlarına yaşamağa imkan vermir. Bu tip ailələrdə ən çox əziyyət çəkən elə uşaqlar olur. Buna görə düşünürəm ki, Azərbaycanda kütləvi şəkildə ailə ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Ailə psixologiyası, ailə strukturu, ailə institutu ilə bağlı maarifləndirmə tədbiri həyata keçirmək lazımdır. İnsanlar ailədə problem olduqda polisə mücariət etmirlər. Çünki bizim hələ təsəvvürümüz o dərəcədə inkişaf etməyib. Yəni, qadın ərindən polisə şikayət etsə, ətraf pis baxacaq. Ona görə də, bu hadisənin maarifləndirmə kimi aparılması daha yaxşı olar. Bu gün bununla bağlı əgər problem varsa, Ailə, Qadın və Uşaq Komitəsinin rayonlarda dayaq məntəqələri və filialları var. Gedin soruşun müraciət edirlərmi və ya etmirlərmi? Yəni bu istiqamətdə maarifləndirmə getsə, insanlar müraciət etdikləri yeri bilərlər. Bununla da, öz problemlərinin müəyyən dərəcədə həll yolunu taparlar”.
Müsahibimiz sonda onu da bildirdi ki, baş vermiş hadisə ilə bağlı konkret bir fikir yoxdur:
“Biri deyir həyat yoldaşı uzun müddət narkotikdən istifadə edib, bir başqası deyir yoldaşı xəyanət edib. Lakin bunların heç biri hələ təsdiqini tapmayıb. Bəlli olan tək bir şey odur ki, bu ailədə konflikt bu vaxta qədər var imiş. Əgər zamanla tərəflər çıxış yolu tapsaydılar, belə bir xoşagəlməz hal baş verməzdi”.
Nərmin NUR
http://gundelik-baku.com/index.php?newsid=11789