AİLƏLƏR PANDEMİYA SINAĞINDAN NECƏ ÇIXIRLAR? - MÜSAHİBƏ
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən son aylarda 5672 nikah və 2417 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olmuşdur.
“Boşanmaların sayındakı artıma səbəb kimi bir çox arqumentlər göstərilsə də, buna pandemiyanın da təsiri danılmazdır”. Bunu bizə müsahibimiz Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O, qeyd edib ki, pandemiyanın ilkin dövrlərində boşanmalarla bağlı müraciətlər artsa da, yeni mərhələyə adaptasiya dövründə həm boşanmaların, həm də nikahların sayı azalmağa başladı.
- Pandemiya dövründə boşanmaların artmasının əsas səbəbləri nədir?
- Buna əsas səbəb insanların karantin rejimi ilə bağlı ev mühitində daha çox zaman keçirməsi, bəzi xarakter uyğunsuzluqlarının və anlaşılmazlıqların ortaya çıxmasıdır. Adət etdiyimiz hərəkətli həyat tərzinin daha sakit, stabil vəziyyətlə əvəzlənməsi və bütün bunların fonunda insanların yaşadığı stres, gərginlik, qeyri-müəyyənliklə müşayiət olunan psixoloji halın buna təsiri qeyd olunmalıdır. Lakin uzun müddət eyni mühitdə qalıb, yeni vəziyyətə uyğunlaşdıqdan sonra, boşanmaların sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə etdik. Hətta məhkəməyə bununla bağlı təqdim edilən ərizələri geri götürənlər də az olmadı. Nikahların sayında azalmalar daha çox karantin rejimində tətbiq edilən izolyasiya tədbirləri ilə əlaqədar idi.
- Elnur müəllim, ailələrə məsləhətləriniz nələrdir?
- Pandemiya dövrünü ailə üzvləri məhdudlaşma, qapanma, gərgin mərhələ kimi deyil, daha çox bir-birini daha yaxşı tanıma, yarımçıq qalan işləri tamamlama fürsəti kimi dəyərləndirməlidirlər. Evdə sərfəli zaman keçirmək məqsədilə uyğun, özlərini daha rahat hiss edə biləcək əyləncəli mühit düzəltməyə cəhd göstərməlidirlər.
- Boşanmaların nisbətən qarşısının alınması üçün hansı tədbirlər görülə bilər?
-Bu istiqamətdə psixomaarifləndirmə məqsədli təlimlərin keçirilməsi, daha çox seminarların təşkil olunması, ailələrə psixoloji dəstəyin gücləndirilməsi təsirli ola bilər. Xüsusən müəyyən problemlər yaşayan ailələr dərhal mütəxəssisə müraciət etməlidirlər.