Məktəblərdə psixoloji iş niyə düzgün qurulmayıb? - Müsahibə
Son vaxtlar Azərbaycanın bəzi orta məktəblərində xoşagəlməz hallarla bağlı xəbərlər gündəmi zəbt edib. Maraqlıdır ki, bu cür neqativ hallar ucqar bölgələrdə deyil, Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin yerləşdiyi paytaxtda baş verir.
Bu ilin əvvəllərində Bakının Hövsan qəsəbəsində 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun şagirdləri təhqir etməsi, elə son hadisə, Sabunçu rayonunda 90 saylı orta məktəbin 7-ci sinif şagirdi Orxan Həsənovun məktəbin bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülməsi buna əyani sübutdur. Bundan başqa, Bakının eyni orta məktəbində iki şagirdin intihar etməsi də, təhsil müəssisələrindəki durumu bariz göstəricisidir. Sanki orta məktəblərdə psixoloji bir gərginlik hökm sürür.
Amerika açmağa ehtiyac yoxdur, sirr deyil ki, müəllimin işi şagirdinə yüksək təhsil verməkdən ibarətdir. Əgər belə olsaydı, ötən il abituriyentlərin 64.7 faizi qəbul imtahanlarında 200-dən az bal toplamazdı.
Bütün bunlarla və ümumiyyətlə məktəblərdəki psixoloji durumla bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya isə iki gündür cavab ala bilmirik. Amma rəsmilərdən fərqli, nazirliyin adını çəkilməsini istəməyən əməkdaşlarından biri Lent.az-a bildirib ki, Azərbaycanda müəllimlər işə qəbul olunan zaman psixoloji durumu yoxlanılır: “Bundan başqa, keçirilən sınaq qiymətləndirmələr zamanı müəllimlərin bacarıqları dəyərləndirilir, yalnız bundan sonra işə götürülür”.
Ekspertlər də vəziyyətin ürəkaçan olmadığını deyir. Məsələn, sabiq təhsil naziri, professor Firudin Cəlilov mətbuata açıqlamasında bildirib ki, bu cür hadisələr məktəblərdə təlim-tərbiyə işinin aşağı səviyyədə olmasını göstərir: “Bəzən müəllim şagirdi, bəzən tələbə müəllimini döyür. Təəssüf ki, bu kimi xoşagəlməz hadisələr yaşanır. Bunun bir səbəbi də odur ki, yaxşı, peşəkar müəllimlər, peşəsini sevən, şagirdləri öz övladı kimi görən müəllimlər artıq məktəblərdən uzaqlaşıb. Bu məsələyə daha geniş şəkildə baxmaq lazımdır ki, təhsilimiz niyə bu səviyyəyə düşdü? Bu səbəbləri təhlil etmək lazımdır”.
“Məktəblərdə şagirdlərin müəllimlər tərəfindən döyülməsi, məktəblilərin intihar etməsi bu sırf müəllimlərin problemi deyil, cəmiyyətin problemidir”. Bunu isə Lent.az-a açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bildirib. Onun sözlərinə görə, indiki uşaqlar da əvvəlki uşaqlardan fərqlənir: “İndiki uşaqların psixoloji problemləri yetərincədir”.
Psixoloq bildirib ki, orta məktəblərdə psixoloji iş gücləndirilməlidir. E. Rüstəmov təklif edir ki, bununla bağlı müvafiq kadrlar hazırlanmalıdır: “Həmin kadrlar məktəblərdə psixoloji işi düzgün formada quracaqlarsa, o cür hallar orta məktəblərdə az baş verəcək”.
Psixoloq qeyd edir ki, bu gün bəzi uşaqların böyüdüyü ailələrdə münaqişələr, boşanmalar mövcuddur. “Elə uşaqlar var ki, onlarla evdə valideynləri də bacara bilmir. Eyni zamanda, müəllimlərin fərdi psixoloji problemləri də mövcuddur. Bu da münasibətlərdə ortaya çıxır. Bu da ciddi problemdir. Bununla belə, şagirdi döymək vəziyyətdən çıxış halı deyil”.
Ekspert vurğulayıb ki, istər Azərbaycan cəmiyyətində, istərsə də bütün dünyada psixoloji problemlər artıb: “İndi doğulan uşaqların psixoloji rahatsızlıqları daha çoxdur. Gündən-günə psixoloji pozuntular artır”.
E. Rüstəmovun sözlərinə görə, şagirdlərin sayına uyğun olaraq, orta məktəblərə psixoloqlar təhkim etmək lazımdır: “Eyni zamanda məktəblərlə-valideynlər arasında əlaqələr gücləndirilməlidir”.
Xatırladaq ki, Azərbaycanda 4 mindən artıq orta məktəb fəaliyyət göstərir. Bütün bu məktəblərin peşəkar və ixtisaslı psixoloqlarla təmin edilməsi çətin məsələdir. Məhz bunun nəticəsidir ki, nəinki ucqar bölgələrdə, hətta paytaxt Bakıda psixoloqların işini hansısa bir müəllim, ya da tamam başqa bir ixtisas sahibi görür.