Dələduzlar aldadır, insanlar niyə aldanır? - Müsahibə
Ölkəmizdə iqtisadi münasibətlərin dəyişməsi, yeni mülkiyyət formalarının yaranması ilə əlaqədar son illərdə dələduzluq halları xeyli artıb.
Hər gün KİV-lərdə bu cür xəbərlər, xəbərdarlıqlar yer alsa da, insanlar yenə də işbazların toruna düşür. Bir addım irəli düşmək istəyərkən, beş addım geriləyirlər.
Bəs, sadə vətəndaşlar külli miqdarda pullarını, qiymətli əşyalarını necə bir başqasına əmanət edə bilirlər? Dələduzlar bu güvəni necə qazanırlar? Belə xoşagəlməz halların qarşısını almaq üçün nə etmək lazımdır?
Bu və digər suallarla mütəxəssislərə müraciət etdik.
Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Faktor.az-a açıqlama verib.
O, bildirib ki, bu cür dələduzların sayı getdikcə daha da artır.
“Təəssüf ki, dələduzların sayı vaxt keçdikcə artmaqdadır. Çünki, min illərdir bütün dini kitablar, peyğəmbərlər, alimlər hamısı deyir ki, o cəmiyyətdə ki, maddi dəyərlər qabağa keçdi, onlar mənəvi dəyərləri basqı altında saxladı, orada hökmən kriminal hallar, dələduzluq halları, cinayət faktları, ölüm, gərginlik çoxalmalıdır. Bu, cəmiyyətin qanunudur. Yəni bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Hər cəmiyyətin özünəməxsus qanunauyğunluğu var və çox bütün Yer üzündə maddi dəyərlər əsas rol oynamağa başlayır, insanlar daha çox maddiyyat aludəçisi olur. Cəmiyyət indi elə bir hala gəlib çıxıb ki, insanları maddiyyatla imtahana çəkir. Bu hallar artdıqca ailələrdə gərginlik çoxalır, insanlar arasında yoxsulluq formalaşır. Digər tərəfdən də cəmiyyətdə elə “balinalar”, böyük mexanizmlər var ki, cəmiyyətin müflisləşməsinə təsir edir.
Bunlardan biri də Azərbaycandakı toy sistemidir. Hər bir azərbaycanlının ortaq əmək haqqısı orta hesabla 200-300 manat olar. Amma təsəvvür edin ki, 300 manat maaş alan adamı 1 ayda 7 dəfə toya çağırırlar. 7 dəfə bu toylara getmək istəyən insan hökmən belə əyri işlərlə məşğul olmalıdır ki, pul yığsın, öz maaşıyla toya gedə bilməz. Belə şeylər bizə əhəmiyyətsiz kimi görünsə də acı reallıqdır və dələdəduzların meydana çıxmasına rəvac verir, insanlarda get-gedə əxlaqi dəyərlər aşınır. Atalarımız yaxşı deyib, “Utanmasan, oynamağa nə var ki”. Sovet dövründə insanlar indikindən də kasıb yaşayırdı, məsələn ikinci dünya müharibəsindən sonra camaatın maddi durumu çox aşağı olub. Amma nə bu qədər dələduzluq olub, nə də belə mənəviyyatsızlıq, nə də ailədə ər-arvadın, qohum-qardaşın bir-birini öldürməsi halları. Sovet dövləti nə qədər kasıb olsa da, mümkün qədər mənəvi dəyərlərə daha çox önəm verib. Biz çalışmalıyıq ki, cəmiyyətdə tezliklə elə bir mühit yaradaq ki, insanlar bir-birinə mənəvi dəyərlərə görə yanaşsınlar. Mənəviyyatı ilə özlərini, şəxsiyyətini təsdiq etsinlər.
Düşünürəm ki, belə hadisələrdə maarifləndirmə elə də böyük rol oynamır. Bunun üçün kompleks fəaliyyət proqramı hazırlanmalıdır və dövlətin bu sahədə humanitar siyasəti olmalıdır. Həmin siyasətdə isə təhsil sisteminin, KİV-in, inzibati orqanların hansı işləri görməli olduğu elmi əsaslarla qeyd olunmalıdır”.
Məsələnin psixoloji tərəfini psixoloq Elnur Rüstəmov şərh etdi.
Onun sözlərinə görə, dələduzların qurbanlarının sayı durmadan artırsa, bu, həm də cəmiyyətimizdə dələduzların sayının da artdığına işarədir.
“Kapitalizmin, qloballaşmanın, informasiya əsrinin yaratmış olduğu problemlərdən biri də az müddətdə insanların varlanma istəyidir. Buna istər dələduzluq, istərsə də tez bir zamanda varlanmaq deyək, fakt faktlığında qalır. Bu cür hallar artır, genişlənir. Bu da cəmiyyətdə cinayət hadisələrinin və digər psixoloji travmaların yaranmasına gətirib çıxarır. Çünki biz internet əsrində yaşayırıq, bu gün insanları aldatmaq üçün kifayət qədər vasitə və üsullar var.
KİV-də bu cür xəbərlərin yayılmasına rəğmən, insanlar hələ də aldanır, başqalarına güvənirlər. Gəlin, açıq danışaq, tutaq ki, insana deyirlər ki, sən bu qədər pul verəcəksən, qarşılığında da filan qədər pul qazanacaqsan. Bu insan əgər gedib borca-xərcə girib o pulu verib, “1 aydan sonra mən varlanaram” deyə düşünüb, varlanmır, dələduzun qazancını artırırsa, onda burada insan faktorundan söhbət gedir. İnsanlarımız diqqətli olmalıdır. KİV-lər də mütəmadi olaraq bu haqda informasiyalar verir, insanlarımızı ehtiyatlı olmağa dəvət edir. Bu gün sosial şəbəkələrdə profili olan hər bir şəxsin dolayısı ilə öz mətbu orqanı var. Əgər bir insanın facebook, twitter, instagram və s. hesabları varsa, bu profillərdən gün ərzində azı bir dəfə bir informasiyanı 10-15 min nəfərə ötürürsə, elə bu da bir mətbuatdır. Internetdə hər şeyin reklamı var. Bu reklamların çoxu da dələduzluq xarakterlidir.
Bəs, dələduzluğun qarşısını necə alaq?
Bu insana bağlı olan bir şeydir. İnsanlar diqqətli olmalı, hər deyilənə inanmamalıdır və nəzərə almalıdırlar ki, həyatda nəsə əldə etmək üçün mütləq zəhmətə qatlaşmaq lazımdır. Aldığı hər bir şeyin bədəlini ödəməlidir. Asan yoldan insan nələrsə qazanırsa, gec-tez onun acı nəticələri ilə üzləşəcək. Dədə-babamızın misalı var: “Hayla gələn, vayla gedər”. Hər işin əvvəli çətin ola bilər, ancaq sonunun yaxşı olması bizlərdən asılıdır. İnsan zəhmətə qatlaşmalıdır, asana qaçmaq çıxış yolu deyil”.
Deyilənləri ümumiləşdirsək, bu nəticəyə gələrik ki, sözügedən məsələdə də maarifləndirmə mühüm əhəmiyyət kəsb edir. Lakin hər şeydən öncə insanlar özü nəyisə asan yoldan deyil, zəhmətini çəkərək qazanmağa maraqlı olmalıdırlar.
Türkan //Faktor.az
http://faktor.az/az/social/14784-deleduzlar-aldadir-insanlar-niye-aldanir