Bayramdan sonra işə uyğunlaşma problemi - Müsahibə

Bayramdan sonra işə uyğunlaşma problemi - Müsahibə

Psixoloq: “Bu, bir neçə gün davam edən prosesdir”

İşləyən insanlar həmişə uzun müddəti əhatə edən tətil günləri arzulayırlar. Tətilin müddəti çox olduqda isə sonradan işə uyğunlaşma ilə bağlı çətinliklər yaşanmağa başlayır. Mart ayında ölkəmizdə Novruz bayramı ilə bağlı 9 günlük tətil oldu və artıq hər kəs iş başındadır. Lakin tətildən dönən bir çox insanlar işə uyğunlaşa bilmirlər. “Nə isə işə uyğunlaşa bilmirəm”, “İşləməyə nədənsə həvəsim yoxdur” deyən işçilər çox olur. Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, işə uyğunlaşa bilməyənlər tətili səmərəli dəyərləndirməyənlərdir: “Hər bir insan tətillə bağlı öncədən müəyyən planlar qurur. Kimi gəzməyə çıxır, kimi elmi işlə məşğul olur, kimi də yarımçıq qalan işlərini görməyi planlaşdırır. Tətildən səmərəli istifadə edə bilməyənlər işə uyğunlaşmaqda narahatlıq yaşayırlar. Nəticədə o insanlarda işə adaptasiya prosesi çətinlik yaradır, yaxud yarımçıq qalan işləri var deyə narahatdırlar. Tətil müddətində hətta səbrsizliklə işin başlamasını gözləyənlər də var idi. Çünki məşğul olacaqları bir iş yox idi və onların həyatını yalnız iş maraqlı edirdi. Ona görə də həvəslə iş gününün başlamasını gözləyirdilər və bu da adaptasiya çətinlikləri yaradır”. 
Psixoloqun sözlərinə görə, bu il Novruz bayramında digər illərdən fərqli tətil prosesi oldu: “Saatların irəli çəkilməsi bazar gününə təsadüf etdi. Bu bazar isə yeni iş günü oldu. Bu da müəyyən insanlarda süni bəhanələr yaratmağa başladı. Kimi vaxtı səhv saldı, kimi də bundan acıqlanıb ümumiyyətlə, işə çıxmadı. Bu bir-iki günlük narahatçılıqdır. Bir neçə günə işə uyğunlaşma prosesi qaydasına düşəcək. Uzun illərdir biz bazar gününü istirahət günü kimi dəyərləndirmişik. Ona görə də insanların bir qismi süni bəhanələr yaradırlar ki, işə birinci gündən çıxsınlar. Çünki inzibati işdə çalışanlar birinci gündən işə başlayırlar. Bu istiqamətdə narahatlıq, psixoloji gərginlik özünü göstərə bilər. Bu bir neçə gün davam edən prosesdir və uyğunlaşma ilə bağlı narahatçılıq keçirmək düzgün deyil. Tətil müddətində insan iş rejimində qala bilməz. Neçədə istəyir yuxudan oyanır, nə vaxt istəsə yemək yeyir və gəzir. 4-5 gün fərqli rejim olanda o zaman işə uyğunlaşma müəyyən vaxt aparır”.
E.Rüstəmov deyir ki, rəhbərlik tətildən sonra işçilərə qarşı tolerant davranmalıdır. Amma tamamilə arxayınlığa, işə öyrəşməməyə göz yummamalıdır: “İşin birinci günündə əvvəldən yığılıb qalan, təcili görüləcək işlər də ola bilər. Rəhbərlik tətildən sonra birinci iş günü olduğunu nəzərə alıb, sağlam qərar verməlidir. İşçilərdə əsəbilik, diskomfort, aqressiya halları ola bilər. Rəhbərlik bir-iki gün tolerant davranmalıdır. Çünki bu proses uzun zaman davam etmir. Ən vacib işləri öncə gördürüb, digər işləri sabaha və ya növbəti günlərə saxlamaq olar”. 
Psixoloq onu da bildirdi ki, işə uyğunlaşma ilə bağlı çətinliklər var deyib, tətil günlərini azaltmaq düzgün deyil: “İnsanlar az işləyib, çox qazanmaq istəyirlər. Bir qisim isə ümumiyyətlə, işləmədən qazanc əldə etmək istəyir. Tənbəllik insanın şüuraltında var. Onun təminatını ödəməyi təklif etsəniz, çox adam işləməməyə razılaşacaq. Hansısa içkini nə qədər pisləsək də, o insana həzz verirsə, onu içəcək. Hər bir işləyən şəxsin istirahətə ehtiyacı var və bu tətil günlərini azaltmaq və ya ləğv etməklə nəyəsə nail oluna biləcəyini düşünmürəm. Özəl sektorda tətil müddətində işə çıxanlar da oldu. Çünki özəl sektorun öz qaydaları var. Dövlət müəssisələri və böyük şirkətlər özlərinin daxili qərarı ilə bu tətil müddətini tətbiq etdilər. Digər özəl müəssisələr isə ayın 23-24-dən sonra işə çıxmışdılar”. 
Sosioloq Asif Bayramov deyir ki, insanlar fərqli xüsusiyyətlərə malik olduğu kimi işə uyğunlaşma da hər bir insana görə fərqlidir: “İnsanın hansısa yeni mühitə uyğunlaşması psixoloji baxımdan çətin prosesdir. Bu, insanların daha çox psixoloji tipindən asılıdır. Qədimdən bəri insanları psixoloji temperamentinə görə 4 tipə ayırıblar. Ancaq sonrakı psixologiya insanları bəzən 2 qrupa da ayırır. Bütün bu insan qrupları onu göstərir ki, hər bir şəxs özündə irsi, genetik amilləri daşıyır. Sürətlə adaptasiya olunanlarla yanaşı, bunu özü üçün problemə çevirənlər də var. Ona görə də ümumi vahid düstur ortaya qoymaq çətindir. İnsan ömrü boyu ancaq bir fəaliyyət sferasında çalışarsa, mənəvi və psixoloji cəhətdən yorulur. Ona görə də tətilin olması zəruridir. Tətildən sonra işə uyğunlaşmanı insanlar özləri üçün ciddi problemə çevirməməlidirlər. Çünki alimlər insanın hər hansı yeni mühitə bir həftə ərzində uyğunlaşa biləcəyini müəyyənləşdiriblər. Saatların irəli və ya geri çəkilməsi, uzun müddət tətil olması insanın psixoloji olaraq işə uyğunlaşması üçün problem yaratmamalıdır”.
Sosioloq onu da bildirdi ki, tətilin az və ya çox olması cəmiyyətdə anormal iş rejimi yaratmır: “Konkret olaraq Əmək Məcəlləsinə uyğun 8 saatlıq işləyənlər kifayət qədər azalıb. Cəmiyyətin böyük hissəsi xidmət, biznes sferasında, kommersiya sahəsində çalışır. Bu sferalarda Əmək Məcəlləsini olduğu kimi tətbiq etmək çətindir. Dövlət tərəfindən elan olunan qeyri-iş günləri belə o sferada çalışan insanlar üçün deyil, daha çox rəsmi iş sahələrində çalışan insanlara tətbiq olunur”.

Aygün Asimqızı

http://kaspi.az/news.php?id=20814


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.