“Toydan öncə tərəflər psixoloji müayinədən keçməlidirlər” - Müsahibə
Son illər Azərbaycan ailələrində boşanmaların sayı artmaqdadır. Belə ki, 2005-ci ildə 8895, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb. 2018-ci ilin yanvar-noyabr aylarında isə boşanmaların sayı 13655 olub. Bəs boşanmaya səbəb olan ailədaxili konfliktləri yaradan psixoloji amillər hansılardır? Ailədaxili şiddət və ölüm hallarının kökündə hansı psixoloji məqamlar yatır? Bu gün yeniyetmələr arasında hansı psixoloji narahatlıqlar üstünlük təşkil edir? Orta təhsil müəssisələrində psixoloqların işi necə təşkil olunmalıdır? E-tibb.az bu və digər suallarla bağlı Psixologiya Elmi Tədqiqat İnstitunun rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib.
- Son vaxtlar şəxsi təcrübənizdə hansı psixoloji problemlərin daha çox artdığını müşahidə edirsiniz?
- Günümüzdə müxtəlif aspektli psixoloji problemlərlə, narahatlıqlarla rastlaşırıq. Mən yeniyetmə və ailələrlə işləyirəm. Gördüklərimdən gəldiyim nəticə odur ki, bu gün bir çox problemlərin kökündə ailədaxili konfliktlər dayanır. Ailədaxili konfliktlər həm cütlüklərin özlərinə, həm də orda böyüyən uşağın, yeniyetmənin psixologiyasına və ümumən ailənin ətrafı ilə münasibətinə mənfi təsir edir. Tərəflər arasında münasibətlərin pis olması, yaxud tərəflərdən birinin psixoloji takıntısının olması belə, o ailənin düzənini pozur. Ailə bir sistemdir. Məsələn, 4 nəfərdən ibarət ailənin bir üzvündə fiziki narahtlıq varsa, bu, ümumən ailənin düzəninə təsir göstərəcək. Gərək kimsə onu həmişə qorusun, qulluğunda dayansın. Ailə harasa tam şəkildə gedə bilməyəcək. Getsə də, çox az hallarda tam şəkildə harasa gedərlər. Yaxud ailənin xanımında təmizlik obsessiyası var. Bütün günü ev təmizliyi ilə məşğuldur. Uşaq qapıdan içəri girən kimi deyir ki, çöl paltarını burdan as, ev paltarını geyin, əlini yu, orda otur. Evə qonaq gəlsə, səhərə qədər oturduğu yeri sürtüb təmizləməlidir, qabı, dəsmalı yumalıdır. Şübhəsiz ki, o bunu bilərək etmir, amma bu narahatlıq bütün ailə üzvlərində diskamfort yaradır, ailədəki münasibətlərə təsir edir. Yaxud kişidə şübhə obsessiyası var. Xanımı olmayan şeylərlə günahlandırır, acılayır. Şübhəsiz, bu da ailədaxili konfliktin artmasına, şiddətə, boşanmaya gətirib çıxarır.
- Ailədaxili konfliktlərin baş verməsinə səbəb hansı faktorlardır? Bəziləri bunu maddi problemlərlə əlaqələndirirlər. Maddiyyatın təsiri varmı?
- Əlbəttə, var. Təsiri yoxdur desək, düzgün olmaz. Təbii ki, bu gün hər kəs yaxşı yaşamaq istəyir. Amma madiyyat aparıcı faktor deyil. Maddi imkanı yaxşı olan ailələrdə konflikt, boşanma olmur məgər? Səhərdən axşama qədər “can” deyib, “can” eşidirlər? Belə deyil axı. Bir dəfə söhbət əsnasında bir nəfərdən soruşdum ki, arzun nədir? Dedi, arzulayıram həyat yoldaşım kasıb olsun. Soruşdum niyə? Cavab verdi ki, biz kasıb olanda xoşbəxt idik. Ərimin imkanı artandan sonra ailəmiz dağıldı. Bunun kimi kifayət qədər nümunələr gətirmək olar. İşsizlik, maddi durumun aşağı olması, tərəflərin bir-birindən gözləntilərinin çox olması, komfortlu həyat istəyindən dolayı da konfliktlər yaranır. Bu gün ailələrdə həm qadın, həm də kişi işləyir. 30 il əvvəl belə deyildi. Əksər ailələrdə yalnız kişi işləyirdi. Qadının konkret öhdəlikləri vardı. Bu gün çalışan xanımlarımızın sayı çoxdu. Buna adaptasiya olan və olmayan, qəbul edən və etməyən kişilər var. Bu gün biz qlobal dünyada, internet əsrində yaşayırıq. Dünənə qədər qapı-pəncərəni bağlamaq kifayət idi ki, ora qapalı məkan deyəsən. Bu gün qapı-pəncərəni bağlasan da, internet vasitəsilə bütün dünya evinin içində olacaq. Çətin mərhələdir. Sadəcə, çalışmalıyıq ki, bu mərhələni az itki ilə keçək.
- Bu mərhələni keçmək üçün nə etmək lazımdır?
- Bu mərhələni az itkiylə keçmək üçün birinci növbədə maariflənmə işi aparılmalıdır. Ailə qurmazdan öncə tərəflər tibbi müayinə ilə paralel psixoloji müayinədən də keçməlidirlər. Mütləq şəkildə psixoloq dəstəyi almalıdırlar. Bunun üçün dövlət qurumu da, özəl qurum da olmalıdır. Kim hansını istəsə seçər. Onsuz da psixoloji dəstək könüllü prosesdir, məcburiyyət yoxdur. Sadəcə, psixoloji dəstək nədə kömək olacaq? İnsanlar təzə tanış olanda özünü yaxşı göstərmək istəyir. Yaxşı olur da. Amma ailə qurandan sonra sən tək o insanla yox, onun ətrafı, ailə üzvləri, qohumları ilə də ünsiyyətdə olursan. Axı tərəflər tanış olanda o haqda tam bilgili olmurlar. Bütün bunlardan sığortalanmaq üçün ailə psixoloqu genoqram hazırlayır. O genoqramda hər bir şey öz əksini tapır. Tutaq ki, ata, ana, 2 uşaqdan ibarət ailədir. Amma o ailədə söz sahibi nə atadır, nə də ana. Əmidir, yaxud dayıdır. Ailəyə gələn insan da bilməlidir ki, bu ailədə söz sahibi kimdir, ailənin strukturu nədən ibarətdir. Bunun üçün ailə psixoloqları tövsiyə verir ki, o cür məqamlarda necə davranmaq, hansı qabaqlayıcı tədbirləri görmək lazımdı. Yəni psixoloq demir ki, ayrılın. Əksinə, onlarda psixoloji immunitet yaradır. O immunet tərəflərin bir-birinə uyğunlaşmasına kömək edir. Çünki bu gün boşanmaların əksəriyyəti ilk bir ildə olur. Digər tərəfdən, boşanma qərarı verən cütlük məhkəməyə müraciət edir. Çox yaxşı olardı ki, məhkəməyə müraciət edən tərəflərə psixoloji dəstək göstərilsin. Onlara verilən zaman müddətində psixoloq dəstəyi alsınlar. Bu dəstək nə formada olacaq, məhkəmələrin nəzdində psixoloq kabinetləri yaradılacaq, yaxud əməkdaşlıq etdiyi dövlət, ya özəl qurum olacaq – bu, məsələnin ayrı tərəfidir. Amma o dəstək mütləq olmalıdır. Bu gün biz iş şəraitində görürük ki, boşanmaların əksəriyyəti xırda səbəblər üzündən baş verir. Vaxtında psixoloji dəstək alsalar, problem də həll olunar. Ailələr var ki, boşanıblar, 2 il sonra yenidən bir araya gəliblər. Bəs niyə ayrılırdın? Bu problemləri qabaqlamaq üçün mütəxəssis yardımı olmalıdır. Bununla bağlı işlər aparılır. Psixoloji yardım haqqında qanun qəbul olunub. Orda qeyd olunub hansı hallarda bu yardımı dövlət öz üzərinə götürəcək.
- Çoxları hesab edir ki, qayınanaların ailələrə müdaxiləsi çoxdur. Onlar oğullarına ailəni idarə etməyə imkan vermirlər, daim müdaxilə edirlər. Gəlin-qayınana münasibətləri necə tənzimlənməlidir?
- Yaxşı qayınana da var, pis qayınana da. Yaxşı gəlin də var, pis gəlin də. Bunu ümumiləşdirmək doğru olmaz. Burda əsas olan insan faktorudur. Gəlin-qayınana problemi həmişə olub. Sadəcə, bu gün fərqli istiqamətdədir. Birincisi, bu gün bizim ailələrdə övlad sayı azdır. Əvvəl 12 uşaq olan ailəyə çoxuşaqlı ailə deyirdilər. İndi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. Bir ailədə 2 uşaq varsa, şübhəsiz ki, orda valideynlə uşaq arasında simbioz bağlılıq olur. Məsələn, 4 nəfərlik ailədir-ər, arvad, qız və oğlan. O ailədə konflikt də varsa, həmin situasiyada ana meylini oğluna, ata qızına salır. Sual olunur; oğlan evlənəndə hər ana onu gəlinlə bölüşərmi? Çətin. Amma ananı danışdırsan, deyəcək, ən böyük arzum oğlumu xoşbəxt görməkdir. İstəmədən ailəyə müdaxilə edir. Eləcə də ata. Deyir, mənim bir qızım var. Ona ər evində pis baxsalar, boşansın gəlsin özüm baxacam. Pis baxmağın da kriteriyaları yoxdur, hər insana görə dəyişir. Bunlar araşdırılması vacib olan məqamlardır.
Bundan başqa, indiki gənclər daha çox sərbətstliyə, ayrı yaşamağa üstünlük verirlər. Bu gün ailə quran gənclərin bir qisminin evi var, bir qisminin yoxdur. Bəziləri isə ata-ana ilə qalmaq istəmədiyi üçün ayrı evə çıxmaq istəyir. Dünənə qədər bir evdə 3 ailə qalırdı, problem də olmurdu. Bu gün isə birlikdə qalmaq istəmirlər. Ayrı ev tutmağa da bəzən maddi imkanları olmur. Nə bir evdə qala bilirlər, nə də ayrı yaşaya. Bu özü də konflikt yaradır, ailələr arasında münasibətlərə mənfi təsir göstərir. Bir də indi gender bərabərliyi ifadəsi tez-tez işlədilir. Gender bərabərliyi bizə Avropadan gəldi. Avropada kişi də, qadın da işləyirsə, tərəflərdən birinin o birindən daha çox şey tələb etməyə haqqı yoxdur. Çünki ikisi də səhər işə gedir, axşam evə qayıdır. Bu gün bizdə də işləyən cütlüklər çoxdur. Nəticədə tərəflər arasında yeni münasibət forması ortaya çıxır. Ailə evdə az vaxt keçirməyə çalışır. Çünki işləyirlər, işdən sonra da ev qayğıları, uşağa baxmaq və s. bütün bunlar psixoloji gərginlik yaradır. Ona görə də tərəflər arasında münasibətlər maksimum anlayış tələb edir. İqtisadi, hüquqi, psixoloji zorakılıq, bir-birini əzmək müsbət nəticə vermir, problemi daha da dərinləşdirir. Özü də tək cavanlar boşanmır. 15, 30 ilin ailəsi dağılır. Bu gün informasiya resursları ailələrə çox böyük mənfi təsir göstərir. Boşanma zəncirvari prosesdir. Boşanan hər bir ailə potensial olaraq iki sağlam ailəyə mənfi təsir göstərir. Dünənə qədər boşanma faciə kimi qələmə verilirdisə, indi elə deyil. Çünki cəmiyyət o qədər belə şeyləri gördü ki, sanki adiləşdi. Qabaqlayıcı tədbir kimi ortaya hüququ qoydular. Yəni mütləq şəkildə münasibəti rəsmiləşdirmək. Bu gün məhkəmələrdə kifayət qədər mülk davası var. Mülk davası ər-arvad, onun fonunda da qohumlar arasında olur. Belə situasiyada artıq cəmiyyəti idarə edən dini yanaşma, adət-ənənə hüquqa uduzmağa başlayır. Bu gün tərəflər az qalır hər şeyi rəsmiləşdirsin. Hüquqa dayandığı təqdirdə mənəvi tərəflər, insan faktoru arxa planda qalır. Bu özü də problemdir. Bu gün Azərbaycanda əcnəbi vətəndaşla ailə quranlarımız var. Həm xaricdə yaşayır, həm burda. Xaricdə təhsil alan tələbələr var. Minlərlə turist gəlib-gedir. Eləcə də seriallar. Bütün bunlar ailə instituna təsir götərməyə bilməz. İstəsək də, istəməsək də təsir göstərir. Kimsə desə qarşısını alacam, bu, mümkün deyil. Bunun bir yolu var – maariflənmə işinin aparılması. Sosial, psixoloji, hüquqi və digər sahələrdə maariflənmə işi aparılmaldır.
- Son illər ailədaxili şiddət və ölüm halları da artıb. Bunun kökündə hansı psixoloji məqamlar yatır?
- Bunun kökündə psixoloji, psixiatrik və digər məqamlar durur. Adam var konkret psixiatrik problemi var, amma psixiatra getmir, deyir, məndə heç nə yoxdur, nəticədə sabah xoşagəlməz hadisə baş verir. Yaxud zərərli vərdişi var. Bu da ailədaxili konfliktə, övladla valideyn arasında problemə səbəb olur. Özü də hər hansı formada cinayət olanda bu, birinci dəfədən olmur. Zaman-zaman olur və sonda cinayətlə nəticələnir. Tutaq ki, ata övladı davamlı olaraq o qədər aşağılayır ki, o da sonda xoşagəlməz sonluğa gətirib çıxarır. Bizdə daha çox fiziki zorakılığı qabardırlar. Çünki məsələnin görünən tərəfidi. Amma iş tək fiziki zorakılıqla bitmir. Bu gün ailələrdə kifayət qədər psixoloji zorakılıq var. Bunu qabardan yoxdur. Tərəflər bir-birinə hörmətsiz yanaşır. Bir evdə iki yad adam kimi yaşayırlar. Bu özü də psixoloji zorakılıqdır. Yaxud iqtisadi zorakılıq. Maliyyə şantajı edir. Adam çöldə dostlarına, yaxud yaxın çevrəsinə pul xərcləyir, ancaq ailəsinə baxmır, evə heç nə almır.
- Hansı məqamda siz o qərara gəlirsiniz ki, bu cütlük boşanmalıdır?
- Psixoloq birbaşa tövsiyə verə bilməz ki, get boşan. Biz bunu ailənin öz ixtiyarına buraxırıq. Çünki bunun məsuliyyətini birbaşa ailə özü daşıyır. Adətən biz zərərli vərdiş olanda tövsiyə edirik ki, öncə zərərli vərdişdən qurtulun və ailədəki problemi müəyyən qədər həll edin. Psixiatrik problem varsa, deyirik gedin reabilitasiya keçin. Psixoloqun birbaşa boşanmağı tövsiyə etməsi həm peşəkar, həm də etik baxımdan doğru deyil. Bunu o zaman edər ki, ömrünün axırına kimi onun arxasında dayana bilsin.
- Elnur müəllim, bir məktəbli intihar etdiyi zaman məktəbin psixoloqunu da qınayırlar ki, niyə şagirdin psixoloji problemi olduğunu bilməyib. Sizcə, orta təhsil müəssisələrində psixoloqların işi necə təşkil olunmalıdır?
- Orta məktəblərdə işini kifayət qədər yaxşı quran psixoloqlarımız var ki, onların əməyini qiymətləndirmək lazımdı. Ancaq biz bunu hamıya şamil edə bilmərik. Digər tərəfdən, orta məktəbdə psixoloqun işi təkcə şagirdlə birəbir söhbət deyil. O, peşə seçimində çətinlik çəkən, risk qrupuna daxil olan, problemli ailələrdən gələn uşaqları ortaya çıxarır və qrup məşğələləri aparır. Gərəkirsə, fərdi seanslar da keçirir. Bizdə təhsil müəssisələrində psixoloji xidmətin təşkiliylə bağlı qanun hazırlanır. Bildiyim qədərilə artıq Nazirlər Kabinetinə göndərilib. Çünki orta məktəblərdə psixoloji işi genişləndirmək, köklü işlər aparmaq lazımdır.
- Ümumiyyətlə, bu gün yeniyetmələrin, məktəblilərin psixoloji narahatlıqları nədən ibarətdir?
- Yeniyetmələrdə diqqət yayğınlığı, özgüvənin aşağı olması və müəyyən aqressiv davranışlara daha çox rast gəlinir. Məsələn, abituriyent bildiyi tapşırığı qəbul imtahanında yaza bilmir, elementar səhv edir. Çünki diqqəti yayğın olur. Yeniyetmələrin arzuları, enerjisi çoxdur. Gecə yatıb səhər bir peşədə özünü ən yaxşı kimi görə bilər. Həyatları hələ qabaqdadır. Bu da onların diqqətinin yayınmasına gətirib çıxarır. Tələsik qərar verə, anidən özlərindən çıxa bilərlər. Bütün bunlar da yeniyetmə psixologiyasına mənfi təsir edir.
- Bu halda valideynlər onlarla necə rəftar etməlidirlər?
- İnciməsinlər. Biz həmişə deyirik, birinci növbədə, gərək valideyn özünü tərbiyə etsin, sonra uşağın tərbiyəsinə keçsin. Biz klassik yanaşmaya öyrəşmişik – düz otur, göz ağardanda özünü yığışdır… İndi o dönəm deyil. Var hipearktivlik, var davranış pozuntusu. Uşaq var eyni davranışı evdə də, çöldə də göstərir. Uşaq var evdə çox yaxşıdır, çöldə pisdir. Yaxud əksinə. Bu formaları mütəxəssis ayırd edir və konkret onun üzərində işləyir. Valideynlər diqqətli olmalıdırlar. Açığı, bu gün problemli valideynlər çoxdur. Belələri ilə rastlaşanda deyirlər, bizim problemin uşağa nə aidiyyatı var axı. Siz uşaqla işləyin, narahat olmayın, biz özümüz öz məsələmizi həll edirik. Deyirik, elə siz gedin öz məsələnizi həll edin, uşaq da elə ona görə belə olub. Bəzən valideyn problemi atır uşağın üstünə. Valideynlə məktəb arasında da bir əlaqə, bağlılıq olmalıdır. Çətin tərbiyə olunan uşaqlar var. Valideyn gözləyir səhər açılsın, uşağı tez məktəbə göndərim. Həftə sonu gələndə deyir, uşaq 2 gün evdə olacaq mən nə edəcəm? Bəs məktəbdə müəllim neyləsin? Sən evdə uşağınla bacarmırsansa, müəllim necə bacarsın? Ona görə də məktəblə valideyn arasında əməkdaşlıq olsa, yaxşı olar. Tərəflər bir-birlərini ittiham etməsinlər. Bu, heç kimə heç nə verməyəcək. Həll yolu nədirsə, o istiqamətdə işlər aprılmalıdır.
- Uşaqların əlindən planşet, telefon düşmür. Tam qadağan da etmək olmur. Valideynlər orta yolu tapmaq üçün nə etsinlər?
- İnsan rahatlığa qaçır həmişə. Uşaq yemək yemir, ana telefonu verir əlinə, yedizdirir. Bir dəfə belə olur, sonra bu, beyində şərtlənir. İkinci dəfə uşaq bilərək yemir ki, valideyn telefonu versin. Əlbəttə, o zaman uşaq telefondan asılı qalacaq. Və ya valideyn uşağa telefon, planşet verir ki, sakit otursun, o da gedib rahat işini görsün, evi təmizləsin. Bu, tərbiyə üsulu deyil. Valideyn müəyyən vaxt qoymalıdı – 20 dəqiqə, yarım saat. Dərslərini elədisə, mükafat kimi yarım saat vermək olar. Yaxud həftəsonu. Valideyn cəza verməyi bacarmalıdır. Fiziki cəzadan söhbət getmir təbii ki. Məsələn, uşaqdan küsə bilər, amma 2 saat, 3 saat, uzağı səhərə qədər. Uşaq valideynin ondan niyə küsdüyünü dərk etməlidir. İkincisi, bu gün telefondan asılı valideynlər var. Uşaq görürsə ki, bütün günü telefon valideynin əlindən düşmür, o da gedib götürəcək. Adam var gecə yatanda, səhər də oyanan kimi telefona baxır. İnternet üzərində oyunlar var. Ailə gəlir yanıma, deyir, ərim axşamlar yatmır. Kişidən soruşuram niyə yatmırsan? Deyir, ferma oyunu oynayırıq, bu gün mən oranı qoruyuram. Gərək səhərə qədər yatmayım ki, axşam gəlib yandıracaqlar. Deyirəm, sənin ailən dağılır axı. Yaxud yolda gedə-gedə maşını qırağa verib saxlayır ki, fermama hücum olub, qarşısını alım, sonra gedəcəm. Virtualda yaşayırlar. Əlbəttə, bu, ailə münasibətlərinə təsir edəcək. Bu məsələdə kompromisə gəlməliyik. İnteneti ləğv etmək olmaz, artıq həyat onun üzərində cəmləşir. Bu gün insan getdiyi yeri tapa bilməyəndə mobil telefondan istifadə edir. İnterneti həyatımızdan tam olaraq silib çıxara bilmərik. Amma ondan asılı da qalmamalıyıq. Heç kim də ideal deyil. Hər kəsin yanlışı var. Sadəcə, öz yanlışını bilib düzəltməyənlər var. Hər kəs yanlışını düzəltsə, problem də aradan qalxar.