“Biz normal sevə bilmirik” - Müsahibə

“Biz normal sevə bilmirik” - Müsahibə

Psixoloq Elnur Rüstəmovun 1937.az-a müsahibəsi

I hissə 

– Elnur bəy, kənardan olduqca soyuqqanlı insan təsiri bağışlayırsınız…

– Nəzərə almaq lazımdır ki, mən evin böyük uşağı olmuşam və bu günə kimi evin böyüyü olmaq məsuliyyətini daşıyıram. Yəni burda ailəmin və böyüdüyüm mühitin də təsiri var.

– Deməli, bu, görüntü deyil, sadəcə, xarakter məsələsidir.

– Əlbəttə. Hələ orta məktəbdən mütaliəyə böyük həvəs və maraq göstərmişəm. Həyatda da, kitabda da yeni obrazlarla tanış olmuşam və…

– Sizcə, həyatda yeni nəsə var ki?

– Heynenin maraqlı bir fikri var: “Bu göyün altında yeni heç nə yoxdur, paltarımızın altında da hamımız lüt gəzirik”. Doğrudan da belədir.

– Mənə elə gəlir ki…

– İnsanlar həmişə öz kədərini qabartmaq, daha böyük formada təqdim etmək istəyirlər. Bilirsən, mən özüm nə boyda çətinliklərdən, həyatın enişli-yoxuşlu yollarından keçib bu rahatlığa çıxmışam? İnsanlarda dərdi şişirtmə var. Ona görə də onlar danışanda çalışıram ki, yarı-yarıya bölüm. Yəni o ağlayırsa, fikirləşirəm ki, qoy bir az ağlasın. Ağlamsınırsa, deməli, hər şey normaldır.

– Yəqin sizin də ağlamağa ehtiyac duyduğunuz vaxtlar olur.

– Ümumiyyətlə, zaman keçdikcə insan kövrək olur. Belə bir söz var: içində ağlamaq. Təbii ki, məndə də bu cür hallar olur.

– Məncə, təcrübə insan hisslərini tənzimləyir. Məsələn, insan təcrübəlidirsə, sevə bilmir və yaxud sevəndə uduzmur. Çünki o, nəyi necə edəcəyini çox yaxşı bilir.

– Düzdür.

– Necə hesab edirsiniz, insanı bilmək, tanımaq, bu qədər təcrübə sizi insani hisslərdən uzaqlaşdırmır ki?

– Bizim işimiz insanlarla işləməkdir. Nə qədər klassik bir deyim olsa da, hər insan yazılmamış qalın bir kitabdır. Yəni mən taleləri sadalasam, məlum olar ki, sayını unutmuşam. Heç kim psixoloqun yanına gəlib demir ki, məndə hər şey yaxşıdır. Qapıdan içəri girəndən-çıxana qədər dərdini danışır, hərə bir dərdlə gəlir. Ən əsası da odur ki, insan həyatında onun kimsəylə bölüşmədiyi məqamlarla tanış oluruq. Digər tərəfdən, ən qorxulusu sizin dediyiniz məqamdır: insan artıq insanlıqdan çıxır.

– Amma söhbət mütəxəssisdən, psixoloqdan gedir.

– Məsələ burasındadır ki, hər gün dərd görürsən, insanların həyatının qaranlıq tərəfləri ilə tanış olursan və şüuraltı infeksiya baş verir. Psixologiyada buna “yanma sindromu” deyirlər. Yəni reallıq hissini unudursan.

– Və zaman keçdikcə pisixoloqların özünün də pisixoloji problemləri ortaya çıxır.

– Bu cür hallar pisixologiya tarixində çox olub. Ona görə də psixoloqlara tövsiyə olunur ki, onlar mütəmadi olaraq profilaktik tədbirlər görsünlər. Tutaq ki, mütaliə eləyə bilərlər, kitab yaza, qonaqlığa gedə, dostlarla ünsiyyətdə ola bilərlər. Bu cür şeylər psixoloqu sənin dediyin infeksiyalardan qoruyur.

 

– Yəqin siz də bu cür edirsiniz…

– Həmişə o infeksiyalardan qorunmağa çalışıram. Ancaq bu, nə qədər davam edəcək, bilmirəm.

– Sizcə, Azərbaycan ailələrində baş verən problemlərin mental dəyərlərlə əlaqəsi nə qədərdir?

– Bu cür problemlər bizim üçün yeni yaranıb. Bu tendensiyanı Azərbaycan cəmiyyətinə teleseriallar gətirdi. Məsələn, qadının bir həyat yoldaşı var, bir də sevgilisi. Və yaxud, qadın içki içir, siqaret çəkir. Bunlar hamısı bizim şüuraltımızı və etnopsixologiyamızı zədələməyə başladı. Amma düşünürdük ki, bizim cəmiyyətdə, ailələrimizdə belə şeylər olmayacaq. Amma təəssüf ki, oldu.

– Bizim üçün klassik Azərbaycan kişisi var idi: arvaddan qorxmayan, evində hökmü olan bir kişi.

– Ola bilərdi ki, kişi xanımından qorxsun, çəkinsin. Amma o, kişini çöldə əzmirdi, böyüklüyünü qoruyub- saxlayırdı. Xanım qazanırdı, işləyirdi. Amma yenə də taksidən düşəndə hesabı kişi verirdi, restorana gedəndə kişi xanımdan pulu alıb özü verirdi. Artıq bu cür şeylər dəyişməyə başlayıb. Təbii ki, mental dəyərlərin toqquşması ailələrdə çox böyük problemlərə səbəb olur.

– Elnur bəy, tutaq ki, ər-arvad sizin yanınıza məsləhətə gəlib. Arvad deyir ki, ərim mənə xəyanət eləyib, bağışlaya bilmirəm.

– Xəyanət heç vaxt ailəni dağıtmır. Təbii ki, söhbət kişinin xəyanətindən gedir. Əksinə, elə ailələr var ki, kişi xəyanət eləyəndən sonra qadın onu daha çox sevməyə başlayır. Çünki bilir ki, ərini ondan başqa da sevənlər var və olacaq. Bunları biləndə qadın kişiyə daha çox bağlanır.

– Maraqlıdır, siz bir psixoloq kimi o ailəyə nə məsləhət görərdiniz?

– Xəyanətə səbəb olan məqamlar var. Onu ailə ilə müzakirə edirik. Və xanım da baş verən xəyanətin səbəblərinin fərqinə varır, o səbəbləri görür və bundan sonra onları birləşdirmək istiqamətində söhbətlər aparılır.

– Bəs xəyanəti qadın eləyibsə?

– Aha… Bilirsiniz, kişi xəyanət eləyəndə qadın düşünür ki, mənim həyat yoldaşımın görüşdüyü qadın necə biridir? Gözəldir, gözəl deyil. Məndən cavandır, yoxsa məndən cavan deyil. Yəni xanım səbəbi özündə yox, kənarda görür. Və özünü onunla müqayisə etməyə başlayır. Əgər qadın görsə ki, həyat yoldaşının görüşdüyü qadın ondan gözəl deyil, yaşlı bir qadındır, onda hansısa məqamda keçə bilər, yəni bağışlaması daha asan olar. Yox, bilsə ki, həyat yoldaşının görüşdüyü qadın ondan gözəl və cavandır, onda xanım depressiyaya düşür. Amma qadın kişiyə xəyanət edəndə fərqli olur. Kişi səbəbi özündə axtarır: “Mən həyat yoldaşıma nə verə bilmədim?” Bu da ailə psixoloquna imkan verir ki, prosesi fərqli istiqamətdə qursun.

– Heç təcrübənizdə elə ailə olub ki, onlara ayrılmağı məsləhət görmüsünüz?

– Heç vaxt belə şey deməmişəm və bundan sonra da demərəm. Bəzən fikirləşmişəm ki, bu ailənin gələcəyi yoxdur. Amma bu sözü onlara deməyə cürət etməmişəm. Ümumiyyətlə, normativdə də belə şey yoxdur ki, psixoloq hansısa ailənin dağılmağına qərar versin. Çünki situasiya dəyişə bilər.

– Sizcə, niyə Azərbaycan cəmiyyətində belə fikir formalaşıb ki, kişi xəyanət eləyə bilər, amma qadın yox?

– Əslində, kişi qadınla xəyanət edir. Kişi kişi ilə xəyanət etmir ki… Amma tələbat hər ikisində var, həm kişidə, həm qadında. Sadəcə, bizim mentalitet, etnopsixologiyamız həmişə o fikirdədir ki, kişiyə olar, qadına olmaz! Bu gün belə qaydalar yavaş-yavaş aradan qalxır.

– Məsələn, bir Avropa kişisi qadınının xəyanətini rahat şəkildə qarşılayır, uzaqbaşı ayrılır. Amma Azərbaycan kişisi belə deyil, o düşünür ki, əgər qadın xəyanət eləyibsə, ölməlidir.

– Düzdür, belə hallar çox olur.

– Maraqlıdır, siz bir psixoloq kimi istərdinizmi, Azərbaycan kişisi də avropalılar kimi o mənəvi yüksəkliyə ucalsın?

– Mən buna mənəvi yüksəklik deməzdim.

– Axı siz psixoloqsunuz və yaxşı bilirsiniz ki, heç nə insan ölümünə bəraət qazandıra bilməz… 

– Öldürmək, əslində, ona rahatlıq verir. Ölmək can qurtarmaqdır. İnsana ən böyük cəza vicdan cəzasıdır.

– Bəs belə bir məqamda Azərbaycan kişisinə nə arzulayardınız?

– Mən möhkəm güc, dözüm və iradə arzulayardım ki, o, qadını etdiyi əməlinə görə utandırsın.

– Sizcə, Azərbaycan ailələri niyə normal ayrıla bilmir?

– Normal ayrılmaq üçün normal sevmək lazımdır. Biz normal sevə bilmirik. Sevəndə özümüz olmuruq.

– Normal sevgi olur ki?

– İnsan istəsə, normal sevə bilər. Çünki anormal sevgilərin sonu məcnunluqdur. Dəlicəsinə sevən adam axırda çöllərə düşür.

– Sizcə, sevgi mütləq ailəyə çevrilməlidir?

– Bəli, sevgi mütləq ailəyə çevrilməlidir. Ola bilər ki, ailəli ola-ola kimisə sevəsən, o, sənə motivasiya verə bilər. Amma əminəm ki, bu, bir müddətlikdir, yəni ötəri hissdir.

– Bəzən də ailəni sevgi dağıdır.

– Ailə psixologiyasında buna çox rast gəlinir. Tərəflərdən biri o birindən ayrı qala bilmir. Tutaq ki, kişi hansısa rayona ezamiyyətə gedir, qadın xəstələnir.

– Və kişi də bezib arvadı boşayır.

– Düzdür, belə şeylər ailənin dağılmasına gətirib çıxarır. Ümumiyyətlə, bütün hallarda normanı, “qızıl orta”nı saxlamaq lazımdır. Bu, bir az çətindir. Amma çalışmaq lazımdır ki, bacarasan.

– Elnur bəy, xarakteri dəyişmək mümkündür?

– Xarakter dəyişə bilər. İnsanın həyatında elə bir travmatik olay ola bilər ki, onun həyatı alt-üst olsun və tamamilə yeni xarakter ortaya çıxsın. Mühit də dəyişə bilər.

– Mənim bildiyimə görə, siz ədəbi prosesi yaxından izləyirsiniz…

– Ədəbi prosesi izləyirəm. Ədəbiyyat yaxşı əylənmək, dincəlmək yeridir. Gərək insan onu yaşasın. Ədəbiyyat olmasa, söz olmasa, insan çətin yaşayar. Psixoloq da sözlə işləyir. Təəssüf ki, bu gün bizim yaxşı yazarlar azdır, özü də həddindən artıq az. Ona görə də yaxşı yazıya bir aclıq var.

– Bədii kitablar oxumağa vaxt tapa bilirsiniz?

– İstər Azərbaycan ədəbiyyatını, istərsə də dünya ədəbiyyatını izləyirəm. Oxumasam, özümü çox pis hiss edərəm. Oxumaqdan aldığım zövqü heç nədən ala bilmirəm.

http://1937.az/yeni/view/3417 


12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

10.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.

İrandan dəvət etdiyimiz mütəxəssislər ilə Azərbaycanda yenə ilkə imza atdıq.