Yeniyetmələr evdən niyə qaçır? - Müsahibə
Mütəxəssislər problemin əsas səbəbi kimi zorakılıq faktlarını göstərirlər
Uşaqların ən təhlükəli yaş dövrü yeniyetməlik vaxtları hesab olunur. Çünki bu yaşlarda onlar ən ağılasığmaz addımlar ata bilirlər. Son vaxtlar isə bu yaşda olan uşaqların evdən qaçması halları ilə daha çox rastlaşırıq. Sentyabrın 8-də Bərdə rayonunun Şirvanlı kənd sakini Yusif Quliyev RPŞ-yə müraciət edərək sentyabrın 7-də qızı, 15 yaşlı Nazpərinin yaşadığı evdən çıxıb geri qayıtmamasını bildirib. DİN-dən verilən məlumata görə, N.Quliyeva polis əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində tapılaraq valideyinlərinə təhvil verilib.
Abşeron rayonunda da buna bənzər bir hadisa bu günlərdə qeydə alınıb. Rayon sakini Nuray Rəhimova şöbəyə müraciət edərək 14 yaşlı qızının evdən 10 min manat pul götürərək qaçdığını bildirib.
Psixoloqlar hər zaman açıqlamalarında valideynlərə yeniyetməlik dövründə uşaqlarla daha ehtiyatlı davranmağı məsləhət görürlər. Bütün ailələrdə valideyn-uşaq problemi olduğunu demək olmaz. Amma uşaqların evdən qaçması halları müşahidə olunmaqdadır. Getdikcə bu cür xəbərlərin sayı çoxalmaqdadır.
Heç kim kefindən evdən qaçmır
Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, yeniyetməlik fərqli dövrdür. Onlar nə böyük kimi böyük, nə də uşaq kimi uşaqdırlar: “Uşaqlar yeniyetməlik dövlərində özlərini axtarırlar, şəxsiyyət kimi təsdiq etməyə çalışırlar. Bir qisim yeniyetmənin isə müəyyən kompleksləri ola bilər. Yeniyetmə özünün cəmiyyət və ailə tərəfindən şəxsiyyət kimi təsdiq ediməsinə çalışır. Ailədə diqqət göstərilməsini, şəxsiyyət kimi qəbul olunmasını, fikirlərinin nəzərə alınmasını, məktəbdə müəllimi tərəfindən ona dəyər verilməsini istəyir. Onları görmədikləri təqdirdə, yeniyetmələr müəyyən psixoloji problemlər yaşayırlar. Heç kim kefindən evdən qaçmır. Münasibətlərin pis, yeniyetmənin içində daxili narahatçılıqların olması yeniyetmələrin evdən uzaqlaşmasına gətirib çıxarır”.
Psixoloqun sözlərinə görə, evdən qaçıb Bakıya gələn yeniyetmələrin vəziyyətlərini araşdıranda, onların evdən ilk qaçışı olmadığının şahidi oluruq. Onlar ilk dəfə etirazlarını nənələrinin, qohumlarının evlərinə qaçmaqla göstərirlər: “Amma yaxınların evlərində onları tapmaq çox rahatdır. Vəziyyət ağırlaşanda valideynlərinin tapa bilməyəcəyi yerlərə qaçırlar. Bir qisim yeniyetmə isə macəra axtarışındadır. Ona görə valideynlər diqqətli olmalıdırlar. Yeniyetmənin narahatçılığına fikir verməli, keçib gedəcək deyə laqeyd yanaşmamalıdırlar. Əgər bunlar nəzərə alınsa, düşünmürəm ki, yeniyetmələrdə nəsə bir problem olsun”.
Yeniyetmələrin formalaşmasında məktəbin rolu böyükdür
E.Rüstəmov bildirdi ki, yeniyetmələrin formalaşmasında məktəb böyük rol oynayır. Çünki onlar zamanlarının bir qismini məktəbdə keçirir. Ona görə də müəllimlə yeniyetmə arasında münasibət də düzgün şəkildə qurulmalıdır: “Müəllim yeniyetmənin hansı ailədən gəldiyi, həmin ailədə hər hansı problemin olub-olmaması və s. haqda məlumatlı olmalıdır. Əgər müəllim bilmirsə, məktəbdə çalışan psixoloq bu işlə maraqlanmalıdır. Bir çox yeniyetmələrdə psixoloji problem yox, davranış, ünsiyyət, şəxsiyyət pozuntusu halları müşahidə olunur. Bu kimi situasiyalarda məktəb psixoloqunun məsələyə müdaxiləsi vacibdir. Əgər nevropatoloqa ehtiyac varsa, valideyni çağırıb məlumat vermək lazımdır. Məktəb psixoloqu valideynlə söhbət edib problemi ona çatdırmalı, həll olunmadığı təqdirdə hansı fəsadların yaranacağını izah etməlidir. Əgər bu iş doğru təşkil ediləcəksə, yeniyetmələrlə bağlı problemlərimiz də müəyyən qədər azalacaq”.
Maddi dəyərlərin öndə olması cəmiyyətdə problem yaradır
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, yeniyetmələrin evdən qaçmasına əsas səbəb cəmiyyətdə mənəvi dəyərlərin ön planda olmamasıdır: “Mənəvi dəyərlər üstün olduqda cəmiyyətdə öz-özünə ahəng yaranır. Mənəvi dəyərlər maddi dəyərlərin təzyiqi altında qalanda cəmiyyətdə əvvəldən görünməyən və qarşısı alınmayan eybəcər hadisələr ortaya çıxır. Bu, bir günün işi deyil, min illərdir belədir. Cəmiyyətin qanunu belə formalaşıb. Hər il bir cür eybəcərliyin şahidi oluruq. Mütəxəssis olaraq sizə bir proqnoz da verə bilərəm ki, ilbəil xoşagəlməz hadisələr daha da çoxalacaq. Bu mənim kəşfim deyil, ortalıqda olan bir reallıqdır. Cəmiyyətimizdə indiki vaxtda maddi dəyərlər aparıcı rol oynayır. Dünyanın bir çox yerlərində bu belədir. Maddi dəyərlər insanların davranışında, həyat mövqeyinin müəyyənləşməsində, həyat haqqında təsəvvürlərinin formalaşmasında, həyatı mənalandırmaqda aparıcı rol oynayır. Bu halda isə cəmiyyətin mənəvi immuniteti zəifləyir”.
Ə.Qəşəmoğlu yeniyetmələrin evdən qaçmasına daha bir səbəb olaraq sosial şəbəkələri göstərdi. Bildirdi ki, sosial şəbəkələr kimi vasitələr ortaya çıxandan sonra cəmiyyət bu kimi problemlərə müqavimət göstərə bilmir: “12-13 yaşında yeniyetmələr sosial şəbəkələrdə elə insanlarla elə münasibətdə olub, elə söhbətlər edirlər ki, bunlar qətiyyən olmaz. Mən sosial şəbəkədə bir müddət münasibətləri izləyirdim. Əvvəllər insanın bir-iki ilə psixoloji olaraq keçə bilmədiyi yolu indi sosial şəbəkədə iki-üç günə getmək olur. Bu şəbəkədəki insanların hamısı da təəssüf ki, davranışına, hərəkətinə görə arzuolunan insanlar deyillər. Ona görə də sosial şəbəkələrin də burada rolu böyükdür”.
Gərgin ailə…
Sosioloqun sözlərinə görə, Azərbaycan ailəsi çox gərgin bir vəziyyətdədir. Bu da övladlar üçün xoş olmayan bir mühit deməkdir: “İkinci Dünya Müharibəsindən sonra ölkədə həddindən artıq maddi çətinliklər, ağır iqtisadi şərait olmasına baxmayaraq, ailə daxilində nizam-intizam var idi. İndi mənəvi dəyərlərin pozulması, qloballaşmanın mənfi tərəflərinin təsiri ilə ailələrimizdə arzulolunmayan və indiyə qədər görünməyən bir gərginlik var. Ailədə və cəmiyyətdə gərginlik olması yeniyetmələr üçün ağırdır. Təəssüf ki, məktəblərdə də bu məsuliyyəti sona qədər başa düşmürlər. Məktəblərin, tədris müəssisələrinin hazırda vəzifəsi daha da artıb. Ailədə və cəmiyyətdə gərginlik olduğu üçün məktəblər yeni nəsillə daha çox işləməlidirlər. Amma indiki təhsil proqramları buna elə də şərait yaratmır”.
Ə.Qəşəmoğlu onu da bildirdi ki, mənəviyyat məsələlərinin cəmiyyətdə önə keçməsi üçün işlər aparılmalıdır: “Mənəvi dəyərlərin aktuallaşması ilə bağlı ciddi fəaliyyət proqramları hazırlamaq lazımdır. Məsələ bu cür davam edə bilməz. Məsələni açıq danışmaq və həlli yollunda işlər görmək lazımdır. Əks halda, getdikcə eybəcər hallar daha da çoxalacaq”.
Zəncirvari zorakılıq…
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, evdən qaçan bir neçə yeniyetmə qız sığınacağa müraciət edib: “Bu il ərzində bir neçə yeniyetmə qız evdən qaçıb bizə müraciət etmişdi. Onlardan biri Kürdəmirdən idi. Asosial ailə idi. Ana əxlaqsızlıqla məşğul olurdu, xala yola vermirdi, nənə xərçəng xəstəsi idi. Qızı yola vermirdirlər. Buna görə də qız evdən qaçmışdı. Bir neçə dəfə intihara cəhd göstərib. Amma sonda çıxış yolunu evdən qaçmaqda görmüşdü. Daha bir halda isə müstəqil yaşamaq, özü pul qazanmaq məqsədi olduğunu deyib qaçan yeniyetmə qız var idi. Biz onların validyenlərini çağırıb, ailələri ilə söhbət edib evlərinə qaytardıq. Yeniyetmələrin müraciəti çox deyil, amma belə hallar müşahidə olunmaqdadır”.
M.Zeynalova deyir ki, yeniyetmə qızların evdən qaçmasına səbəb anlaşılmazlıq, bir-birilərini dinləmə bacarığının olmamasıdır: “Böyüklərin təzyiq etməsi, kiçiklərin isə bu idarəçilik sistemi ilə razılaşmaması faktları da var. Eyni zamanda böyüklərin uşağın əhvalını müəyyən edə bilməməsi, nə baş verdiyindən xəbərsiz olması bir çox hallarda bu cür münasibətlərə gətirib çıxarır. İstənilən halda zorakılıq zəncirvaridir. Uşaq ailədə necə görürsə, elə də tətbiq etməyə cəhd göstərir. Əgər valideyn onunla zorakı yolla danışıbsa, o bunu norma kimi qəbul edib, eyni formada uşağı ilə ünsiyyət quracaq. Zorakılıq görən şəxs normal mühitə düşərsə, o, davranışını dəyişə bilər”.
Evdən qaçıb komitəyə gedənlər
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, komitə ona aid olan bütün məsələlərlə bağlı mətbuatda gedən məlumatları mütəmadi izləyir və məsələlər araşdırılır. Yeniyetmələrin evdən qaçması məsələsi də qurumun nəzarətindədir: “Bizim qurumun informasiya şöbəsi mütəmadi olaraq mətbuatda evdən qaçma ilə bağlı halları nəzərdə saxlayır. Evdən qaçma, intihar, erkən nikah, zorakılıq və s. bu kimi hallar mərkəzdə nəzərdə keçirilir, aidiyyatı şöbələr üzrə tapşırıqlar verilir. Hər bir rayonun icra hakimiyyətində xüsusi komissiya var və biz həmin komissiyalarla işimizi aktiv şəkildə qurmuşuq. Hansı rayonda nə hadisə baş verirsə, onunla bağlı həmin rayonda komissiya ilə əlaqə saxlayırıq. Hər bir komissiya bizə müvafiq məlumatları verir. Hadisəni araşdırırlar, uşağın ailə, sosial, təhsil vəziyyəti haqda bizə məlumat verirlər. Ehtiyac duyulursa, komitənin səlahiyyətləri daxilində onun ailəsinə müvafiq köməklik göstərilir. Hüquqi yardım göstərilir, hansısa sosial problem varsa, onun həlllinə çalışılır”.
P.Əliyevin sözlərinə görə, yeniyetmələri evdən qaçıran səbəblər müxtəlifdir: “Amma əsas səbəb zorakılıqla bağlı olur. Uşaq evdən bəzən acıq edib gedir. Dəfələrlə rayondan acıq edib bizim komitəyə gələn uşaqlar olub. Ailədəki zorakılıq halları varsa, müsbət iqlim yoxdursa, uşaq etiraz edib evdən qaçır. Bizdə qeydə alınan halların çoxuna səbəb ailədəki zorakılıqdı. Digər hallar çox azdır. Ailənin uşağa qarşı diqqətsizliyi, soyuqqanlılığı hallarında da uşaqlar evdən qaçırlar”.
Aygün Asimqızı
http://kaspi.az/news.php?id=23769