Boşanmaq da bir mədəniyyətdir - Müsahibə
Əvvəlki illərə nisbətdə 2010-cu ildə boşananların sayı artıb
“Məni döyürdü, təhqir edirdi, hər gün əzab verirdi. Bu işgəncələrə dözə bilmədim və ayrıldım”. Bu sözləri 5 il qeyri-rəsmi nikahda olduğu həyat yoldaşından ayrılan Aygün deyir. 2006-cı ildə rəsmi nikah olmadan ailə quran Aygün hazırda iki körpə uşağı ilə atası evinə sığınıb. Buna əsas səbəb kimi həyat yoldaşının içki və narkotikə qurşanmasını göstərir. Həyat yoldaşının heç bir işdə işləmədiyini, evdə olan-qalan əşyaları da sataraq içkiyə verdiyini deyən Aygün hər gün döyüldüyünü, müxtəlif təzyiqlərə məruz qaldığını, əsəbi və psixoloji gərginlik keçirdiyini deyir. “Çox əsəbi olmuşdum, hələ indiyə qədər müalicə alıram” – deyən Aygün bununla yanaşı uşaqlarına aliment də ala bilmir. “Uşaqlar nəinki atasının soyadını daşımırlar, hətta ata qayğısından da məhrumdurlar”. Rəsmi nikahın olmaması Aygün üçün çox problemlər yaradır.Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağları ilə bir-birinə bağlanması deməkdir. Bir boşanma hadisəsi ilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir. Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addımdır. Təəssüf ki, çox zaman atılan ən birinci addım olur.
Dövlət Statistika Komitəsindən Lent.az-a daxil olan məlumata görə 2010-cu il Azərbaycan Respublikası üzrə rəsmi qeydə alınmış nikahların sayı 79172, boşanmaların sayı isə əvvəlki illərlə müqayisədə xeyli artaraq 9061 olmuşdur. Belə ki, 2008-ci il üzrə qeydə alınmış rəsmi nikahların sayı 79964, boşanmaların sayı 7933, 2009-cu ildə nikahların sayı 78072, boşanmaların sayı isə 7784 olmuşdur. Statistik nəticələrdən də göründüyü kimi boşanmaların sayı son illərlə müqayisədə xeyli artıb.
Psixoloq Elnur Rüstəmov da son dönəmlərdə boşanmaların artdığını etiraf edir. Psixoloji yardımla bağlı daha çox qadınların müraciət etdiyini bildirən psixoloq bunu kişilərin vəziyyətdən təkbaşına çıxmağa üstünlük vermələri ilə əlaqələndirir. Boşanmaların səbəbinə gəlincə, psixoloq daha çox cütlüklərin bir-birini yaxşı tanımaması, ailələrə müdaxilələrin çoxluğunu misal gətirir. “Bütün evlənən gənclər qabaqcadan bilməlidirlər ki, boşanma nəticəsində ailəyə hansı ziyan dəyir, uşaqların tərbiyəsi necə bərbadlaşır, onların psixologiyası necə ağırlaşır?” Boşanmadan sonra cütlüklər arasındakı münasibətlərin əvvələ nisbətən tənzimləndiyini bildirən psixoloq bildirdi ki, öncəki illərdə boşanmalar daha çox səs-küylü, qabarıq formada özünü büruzə verirdisə, indi bəzi cütlüklər boşanmadan sonra münasibətlərinə dost kimi davam edirlər. Elnur Rüstəmov qeyd etdi ki, çox vaxt münasibətləri tamam kəsirlər, bir-birinin acığına hərəkət edirlər. Psixoloq Azərbaycanda boşanma mədəniyyətinin Avropa ölkələri ilə müqayisədə çox aşağı səviyyədə olduğunu vurğuladı.
Boşanmadan öncə, istərsə də boşanmadan sonra ailə münaqişəsi, qısqanclıq zəminində baş vermiş kriminal duruma nəzər salsaq, çoxlu sayda cinayət hadisələrinin şahidi olarıq. Son üç ayda bir neçə belə fakt qeydə alınıb. Mart ayında qeydə alınan bir cinayət hadisəsində Culfa rayon sakini ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Buna bənzər digər cinayət hadisəsi aprel ayında qeydə alınıb . Bu dəfə ər həyat yoldaşını döyərək öldürüb. Digər ailə faciəsi mayın 1-də Sumqayıt şəhərində baş verib. Ər qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb. Bunun kimi onlarla misal gətirmək olar. Bu cür neqativ hadisələr, qadınlara təzyiq halları çoxalmaqdadır. Bəzi hallarda boşanmaq istəyən qadın da təzyiqlərə məruz qalır, həyat yoldaşı təzyiq göstərərək boşanmadan imtina etməyə məcbur edir. Bu zaman qadın nə etməlidir? Hüquqşünas İradə Cavadova bildirdi ki, əgər müxtəlif təzyiq və döyülmə faktı aşkar olunarsa, qadın hüquq mühafizə orqanlarına məişət zorakılığı ilə bağlı ərizə ilə müraciət edə bilər. İradə Cavadova: “Məişət zorakılığı haqqında qanunvericilik mövcuddur, ancaq əfsuslar olsun ki, bu qanunun icra mexanizmləri mövcud deyil”. Məhkəmədən sonra aliment, əmlak bölgüsü, kompensasiyalarla bağlı problemlərin yarandığını bildirən vəkil İ. Cavadova əlavə etdi ki, alimentin vaxtında ödənilməməsi, uşağı görmə vaxtının uzadılması, uşağın sərhəddən çıxarılması və s. kimi müraciətlər də olur.
Psixoloq Elnur Rüstəmov boşanma qərarı qəbul etmiş cütlüklərin ona tez-tez müraciət etdiklərini dedi. Psixoloqun sözlərinə görə onların çox hissəsi psixoloji yardımdan sonra boşanma qərarından dönüblər. Psixoloq həmçinin bizdə boşanmaya qədər ayrılma mərhələsinin olmamasından çox təəssüfləndi: “Belə bir praktika var ki, cütlüklər bir müddət ayrı qalırlar ( 1ay, 15-20 gün E.R.) və bu müddət ərzində prosesə yenidən nəzər yetirirlər, münasibətlərini bir daha gözdən keçirərək evliliklərinə bir şans verirlər”. Elnur Rüstəmov boşanmadan sonra da psixoloqlara müraciətlərin olduğunu söylədi. Ayrılan insanlarla konsultasiya aparılır, enerjini faydalı işlərə yönəltmək üçün psixoloji yardım göstərilir. Aqressiyanın boşanmış insanlara ziyan verməməsi istiqamətində reabilitasiya mərhələsi keçirilir: “Bütün bu neqativ halların baş verməməsi üçün yaxşı olardı ki, ailə qurmamışdan öncə psixoloqlara müraciət edilsin”.
Elnarə İbrahimova
http://sosialish.wordpress.com/2011/05/26/bosanmaq-da-bir-mədəniyyətdir/