Psixoloqların rolu artdıqca… - Müsahibə
Psixoloq Elnur Rüstəmovun fikrincə, Azərbaycanda ailə psixologiyası və kliniki psixologiyanın böyük gələcəyi var. Tezliklə Rabitə və İnformasiya Nazirliyi şəhər telefonları ilə danışığın hər dəqiqəsini pullu edəcək. Maraqlıdır, görəsən saatlarla telefondan asılıb qalan minlərlə insan, o cümlədən qadınlar ürəyini necə boşaldacaq. Axı qeybət qırmaq ödənişli olacaq. Fikrimizcə, bu durum psixoterapevt və psixoloqlarımızın işini çoxaldacaq. Çoxlu sayda insan indi dərdini demək və ürəklərində yığılıb qalmış söz yığınını boşaltmaq üçün psixoloqlara üz tutacaq. Yarızarafat, yarıgerçək irəli sürdüyümüz bu fərziyyə doğru çıxa bilərmi? Ya da ümumiyyətlə, kiməsə dərdini deyib yüngülləşmək, ürəyini boşaltmaq insanların problemini həll edirmi? Rsixoloqun rolu nədir?
Psixoloji Konsultasiya Mərkəzinin rəhbəri, təcrübəli psixoloq Elnur Rüstəmov ölkəmizdə psixoloqlara tələbatın artacağını söyləsə də, bizimlə söhbətində hesab elədi ki, insanların özlərinə yaxın adamlara dərdini açması hələ problemin həlli demək deyil. Onun fikrincə, şəhər telefon danışığı tariflərinin qiymətinin artması bir tərəfdən psixoloji xidmətə ehtiyacı artıracaq. Ancaq o, məsələnin digər tərəfinə diqqət çəkmək istəyir:
“Dərdini kiməsə demək hələ problemin həlli deyil. Bu işi peşəkar mütəxəssis çözə bilər. Psixoloq problemin nədən qaynaqlandığını sizə izah edir. Ancaq yaxın bir adama ürəyinizi bu gün boşaltsanız da, sabah yenə eyni bir problem başqa bir formada özünü göstərəcək. Mütəxəssis isə problem üzərində analiz aparır, bu isə o deməkdir ki, siz artıq onu bir daha problem kimi qəbul etməyəcəksiniz. Ən azından sizi əvvəlki kimi narahat etməyəcək. Bir məsələyə də münasibət bildirmək istərdim.
Bizdə psixoloji sığorta yoxdur. Bu məsələni də qabartmaq lazımdır. Bu, dolayı yolla psixi sağlamlıq, psixi təhlükəsizlik barədə qanunun da qəbul olunmasına gətirib çıxaracaq. Düşünürəm ki, belə bir qanun cəmiyyətin bütün strukturlarına təsir göstərərdi. Bu gün insanlara daha çox psixoloqun rolu izah edilməlidir”.
Bir çoxları psixoloqun üstünə məsləhət üçün gedir. Və ya ondan daha çox məsləhət gözləyir. E. Rüstəmov buna da münasibət bildirdi:
“Psixoloq məsləhət vermir. Psixoloq o zaman məsləhət verir ki, pasient qərar vermək iqtidarında olmur. Və yaxud verdiyi qərar kiməsə narahatlıq yarada bilər. Psixoloqun işi analiz etməkdir. Psixoterapiyada belə bir anlayış var – Katarsis prosesi. Gedib ürəyini psixoloqa boşaldırsan, dərdini söyləyib çıxıb gedirsən, yüngülləşirsən. Bir çox pasientlər danışanda müdaxilə etmirik. Danışdıqca hər dəfə yeni informasiya verir. Psixoloq da sözlə müalicə etdiyindən bu situasiyadan terapevtik məqsədlər üçün istifadə edir.”
Həmsöhbətimiz əlavə etdi ki, son vaxtlar psixoloqun rolu və psixoloji xidmət haqda insanlarda məlumatlılıq səviyyəsi artıb:
“Əvvəllər konsultasiyalarımızda 1 seans ancaq pasiyentə psixoloqun terapiya prosesində rolu barədə məlumat verirdik. İndi bu kimi izahatlara çox az vaxt gedir. İnsanlar maarifləniblər. Biz Psixologiya və Konsultasiya Mərkəzi olaraq psixoloji xidməti qruplaşdırmışıq. Ayrı-ayrı psixoloji problemlərlə Mərkəzin mütəxəssisləri ixtisaslaşıblar. Uşaq psixologiyasını yenidən təsnifatlaşdırdıq. Buraya biz autik, hiperaktiv uşaqlarla iş, yeniyetmələrin imtahana psixoloji hazırlığı, keçid yaş dövründə psixoloji problemlərin aradan qaldırılması və s. bu kimi problemlərlə bağlı peşəkar psixoloqlar konsultasiyalar aparırlar. Düşünürəm ki, psixologiyanı nə qədər peşəkar səviyyədə insanlara çatdırsaq, insanlar arasında ünsiyyət, münasibət daha yaxşı formada qurulacaqdır. Hazırda psixologiya və psixoterapiya geniş vüsət alıb.
http://www.ayna.az/archive/2011-10-22/Cemiyyetden_aileye/7351-rsixoloq-aile-kliniki%20rsixologiya