Ailə Psixologiyası
Xoşbəxtliyi ailədə tapmayan onu başqa yerdə axtarmağa da qalxmamalıdır!
Əziz dost!
Həyat sürətlə axır. Ətrafında çox şeylər də dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey isə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik də ailədən başlayır. İndinin özündə də bir çox şeyləri əldə edə bilmədiyini ya ata evinlə, ya da ki, hazırki ailənlə bağlayırsan.
Bəs, bu nəyi göstərir? Şübhəsiz ki, ailənin yaşamağımıza nə dərəcədə böyük təsir gücünə malik olduğunu. Nəzərə almaq lazımdır ki, müasir dövrdə ailələr əvvəlki ailə modellərindən çox parametrlərinə görə fərqlənir. Bu məqalədə məqsədimiz ailə psixologiyası və bunun yeni qurulan çütlüklərə verə biləcəyi faydanı sizlərin diqqətinə çatdırmaqdır.
Öncə onu qeyd edim ki, hər bir fərd evlənmədən əvvəl hansısa bir ailədə tərbiyə alır, böyüyür. Fərq etməz, bu onun biloloji və yaxud da himayəsində olduğu ailəsi olsun. Ailə qurana qədər fərd həmin ailədə müəyyən dəyərlər sistemi qazanır. Hansı ki, bu dəyərlər sistemi sonradan onun həyata baxış tərzinə, insanlarla münasibətinə böyük təsir göstərir. Gələcəkdə qurulan ailənin nə dərəcədə dayanıqlı olması fərdin aldığı dəyərlər sistemi, psixoloji travmalarla birbaşa bağlıdır. Psixoloji travmaya səbəb olan faktorlar natamam ailədə böyümə (ata yaxud da ananın müəyyən səbəblər üzündən olmaması, ayrılması, vəfat etməsi) və s. ola bilər. İlk sevgidə yaşadığı uğursuz təcrübəyə görə yaşanan travmatik hallar da sonradan qurulan ailədə səbəbsiz problemlərə yol aça bilər. Sual yaranır. Bütün bunlardan sığortalanmaq üçün nə etmək lazımdır? Axı hər bir insanın bu həyatda ən böyük arzusu, bəlkə də tək istəyi hüzurlu bir ailəsinin olmasıdır.
İnsan birinci növbədə ailə qurma tələbinin, daha doğrusu qurduğu münasibətin hansı səbəbdən ciddiləşdirmək istəyinə aydınlıq gətirməlidir. İnsanların bir qismi ayrılıqdan sonra sevdiyi insanı unutmaq, başqa bir qismi həyatında yenilik etmək, bir qismi də ailə üzvlərindən kiminsə könlünü şad etmək və s. üçün ailə qurmağa qərar verir. Şübhəsiz ailə qurmaq birmənalı şəkildə alqışlanmalıdır. Bir şərtlə ki, nümunəvi və təməli möhkəm ailə olsun. Ailənin qurulmağı hansısa travmatik olayı aradan qaldırmağa xidmət etməməlidir. Belə olduğu təqdirdə qurulan ailələrdə zaman keçdikcə problemlər yaranmağa başlayır ki, bu da son nəticədə həmin ailələrin dağılmasına səbəb olur. Ailə qurmadan öncə fərdin keçdiyi həyat yolu da qurduğu ailəyə böyük təsirini göstərir. Biz burada natamam ailədə böyüyən insanların qurduqları ailələri nəzərdə tuturuq. Burada problem yaradan daha çox bu ailədə böyüyən uşaqların anaları olur. Kökündə yatan səbəb isə bəlli bir müddət övladlarının müstəqil olmaları ilə heç bir vəclə barışmaq istəməmələri dayanır. Bu da cütlüklər arasında ailə həyatının hələ ilkin mərhələsində problemlərə yol açır.
Ailə psixoloqu belə hallarda yaşana biləcək problemlərdən sığortalanmaq üçün əvəzsiz bir köməkdir. Ailə qurularkən diqqət ediləcək məqamlardan biri də tərəflərin hansı ailə modelində böyümələri, böyüdüyü ailənin peşə yönümü və s. hallardır. Misal üçün, pedaqoq ailəsində böyüyən fərd, həkim ailəsində böyüyən fərddən həm həyata baxış tərzi, həm də qarşı tərəfdən gözlədiklərinə görə çox fərqlənir. Fərqlər də münasibətlərin ilkin mərhələsində nəzərə alınmadığı təqdirdə sonradan problemlərə səbəb olur. Ümumiyyətlə, ailə qurarkən diqqət etməli olduğumuz məqamlar çoxdur. Çox zaman biz münasibətlərin pozulmasına səbəb kimi qarşı tərəfin anasının necə adlandırılmasını belə görə bilərik. Hansı ki, ilkin mərhələdə diqqətə alınıb, həll edilsəydi ailədə heç bir problem olmazdı. Bütün bunlar ailə psixologiyasının predmetini təşkil edir. Şübhəsiz ki, bunu bir məqaləyə sığışdırmaq çətin olduğundan məqaləni silsilə şəklində çap etdirməyə qərar verdik. Burada ailənin əsasını təşkil edən 6 parametr, ailə qurmadan öncə hər bir fərdin yaşamış olduğu monada, diada, triada və s mərhələlər haqqında da söhbət açılacaq. Məqsəd yeni qurulan ailələrə, eləcə də ailə məsələlərində çətinlik yaşayan cütlüklərə psixoloji baxımdan dəstək olmaqdır. Bunun öhdəsindən nə dərəcədə gələ bilərik, buna Siz oxucular qərar verəcəksiniz.
Elnur Rüstəmov
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq